Şeyxülislam Azərbaycan xalqının Novruz bayramını təbrik edib
15 Mart 2010 Bazar Ertəsi 16:10
Hacı Allahşükür Paşazadə bildirib ki, il martın 20-də saat 21:31 dəqiqə 40 saniyədə təhvil olacaq
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, bütün Qafqazın şeyxi Şeyxülislam Hacı Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

QMİ-nin mətbuat xidmətinin məlumatına görə, təbrikdə deyilir: “Əsrlər boyu torpağın oyanışının, təbiətin yeniləşməsinin rəmzi olan Novruz həyatımıza yeni ab-hava, süfrələrə xeyir-bərəkət bəxş edir. Vətən torpağı baharın nəfəsindən oyandıqca bizləri yeni xoş əməllərə, nəcib və xeyirxah işlərə rövnəqləndirir.
Allahın yaratdığı torpağın, təbiətin intibahını tərənnüm edən Novruz, eyni zamanda, Uca Yaradana sonsuz məhəbbəti, Onun nemətlərinə şükür-sənanı özündə ehtiva edir, Novruz xəlq olunmuşların ən alisi olan insanın ruhuna təbiətlə vəhdətdə təkamül səadəti bəxş edir. Novruzun dini baxımdan əhəmiyyət kəsb edən məqamlarla da üst-üstə düşməsi bu bayramın mübarəkliyini daha da artırır. Odur ki, biz, dindarlar üçün Novruz həm də dini bayramdır. İnsanlara xeyirxahlıq və şəfqət təlqin edən Novruz bayramı günlərində valideynlərə, qohum-əqrəbaya baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara diqqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti bəyənilən əməllərdəndir. Allaha şükürlər olsun ki, hər yeni Novruz dövlətimizin və xalqımızın uğurlu, davamlı inkişaf yoluna rəvac verir, Qarabağda qələbəmizə əzmimizi daha da artırır"

A.Paşazadə bu əziz gündə Allahdan Öz Mərhəmət və Kəramətini xalqımızın, dövlətimizin üzərində daima bərqərar etməsini, müstəqilliyin daha da möhkəmlənməsi, ərazi bütövlüyümüzün bərpası uğrunda səy göstərən dövlət başçımızın müdrik rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad olunmasını, bu əziz bayramı doğma Qarabağda keçirməyi bizlərə tezliklə qismət etməyi diləyib.

Şeyxülislam bildirib ki, il martın 20-də saat 21:31 dəqiqə 40 saniyədə təhvil olacaq. Bayram axşamı martın 20-nə, bayram günü martın 21-nə təsadüf edir. "Elimizin bu əziz günündə sizi bir daha Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir, hamınıza Uca Yaradandan fərəh dolu günlər, süfrələrinizə ruzi-bərəkət, evlərinizə səadət diləyirəm. Qoy Allah Novruzun qədəmlərini mübarək etsin!” ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar