Seysmoloji xidmət mərkəzinə yeni avadanlıqlar alına bilər
27 Aprel 2011 Çərşənbə 01:30
Prezident İlham Əliyev: “Əgər əlavə vəsait ayırmaq lazımdırsa, biz bunu edərik ki, bu sahədəki işi daha da təkmilləşdirək”.
“Son illərin hadisələri, ümumiyyətlə Haiti, Çili, İndoneziyadakı zəlzələlər, xüsusən Meksika körfəzindəki neft platformasında baş vermiş qəza, onunla bağlı neft axını, Yaponiyadakı zəlzələ və sunami ilə bağlı “Fukusima” atom stansiyasındakı fəlakət bəşər sivilizasiyasını ciddi imtahana çəkib”. AMEA-nın Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında deyib. Onun sözlərinə görə, texnogen və təbii proseslərin proqnozu və onların ehtimal olunan nəticələrinin ssenarilərinin işlənilməsi prioritet məsələ olub, alimlərin qarşısında dövlət proqramının hazırlanması və icrası tələblərini qoyur: “Belə bir yanaşmanı 2001-ci ilin noyabr ayında Bakıda baş vermiş zəlzələdən dərhal sonra ümummilli liderimiz Heydər Əliyev nümayiş etdirib. Təcili surətdə fövqəladə iclas çağırılıb və respublikanın seysmoloji xidmətinin ən müasir avadanlıqla təmin edilməsi qərara alınıb. Bu gün mübaliğəsiz demək olar ki, bizim seysmoloji xidmət nəinki MDB məkanında, hətta bütün Yaxın Şərqdə ən yaxşı təchiz edilmiş xidmətlərdən biridir. Lakin təbii proseslərin anomal aktivləşməsi baxımından mövcud avadanlıq əlbəttə azdır. Seysmik monitorinq və GPS stansiyalarını yaxın vaxtlarda artırmaq olduqca vacibdir. Xüsusən mülki obyektlərin və sənaye infrastrukturunun yerləşdiyi Abşeron yarımadası və Xəzər dənizi akvatoriyasında bu şəbəkəni genişləndirib gücləndirmək ümdə məsələlərdən biridir”.

İclasda iştirak edən Prezident İlşam Əliyev akademik Akif Əlizadənin qaldırdığı məsələyə münasibət bildirib. O, deyib ki, seysmoloji xidmətin inkişafı ilə əlaqədar verilən təkliflərə baxmağa hazırdır: “Əgər əlavə vəsait ayırmaq lazımdırsa, biz bunu edərik ki, bu sahədəki işi daha da təkmilləşdirək. Artıq zəlzələdən demək olar ki, 10 il vaxt keçir. Ola bilsin ki, o vaxt alınmış avadanlıq köhnəlib. Çünki indi yeni texnologiyalar, yeni avadanlıqlar çıxır və biz əlbəttə ki, buna baxacağıq”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar