Təqribən 1 saat əvvəl 20 nəfərə yaxın Göyçay rayon sakini Bakının Səməd Vurğun küçəsində - Dövlət Sirkinin binasının yaxınlığında 7 mərtəbəli yarımtikili binanın damına qalxaraq intihar edəcəklərini bildiriblər. Bu barədə ANS PRESS-ə Göyçay rayon sakini Rəfail Mayılov məlumat verib. R.Mayılov bildirib ki, onlar həmyerliləri, Göyçayda motel sahibi olan Çingiz Mayılovun həbsinə etiraz əlaməti olaraq bu aksiyaya əl atıblar. "Qardaşım Çingiz Mayılov Göyçayda motel sahibidir. Uzun müddətdir ki, Göyçayın polis və digər icra orqanları qardaşımdan aylıq haqq tələb edirlər. Haqq verə bilmədiyinə görə, Göyçayın polis rəisi qardaşımı həbs edəcəyi ilə hədələdi. Qardaşım hədələnməsi ilə əlaqədar DİN-ə, prokurorluğa müraciət etmişdi. İyunun 11-də qardaşımı Göyçay rayon polis şöbəsinə çağırdılar. Sonra eşitdik ki, guya qardaşım polisə müqavimət göstərdiyinə görə saxlanılıb. Barəsində 2 aylıq həbs qətimkan tədbiri seçdilər. Hazırda isə Gəncə Şəhər İstintaq Təcridxanasında saxlanılır".
Rəfail Mayılov onu da bildirib ki, qardaşının başına gələnlərlə əlaqədar şikayət etmək üçün Bakıya gəliblər, Prezident Aparatında, Respublika Baş Prokurorluğunda və Daxili İşlər Nazirliyində olsalar da onları dinləyən tapılmayıb. Bu səbəbdən də S.Vurğun küçəsində qarşılarına çıxan yarımtiki binanın başına çıxıb özlərini atmaqla etirazlarını bildirmək qərarına gəliblər. Lakin bir neçə dəqiqə əvvəl əraziyə çağırılan polis qüvvəsi aksiya keçirənləri yerə düşürüb.
ANS PRESS-in hadisə yerində olan əməkdaşının məlumatına görə, aksiya iştirakçıları hazırda Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinə aparılıblar.
Esmira Cavadova /ANS PRESS/