Səmayə Məmmədova “İrəli” Media Akademiyasının qonağı olub
01 Sentyabr 2011 Cümə Axşamı 17:44
Səmayə Məmmədova “İrəli” Media Akademiyasının qonağı olub
Bakı-APA. Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin (AGİN) mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova “İRƏLİ” Media Akademiyasının qonağı olub. APA-nın məlumatına görə, qonaq mətbuat katibi vəzifəsinin çox məsuliyyətli vəzifə olduğunu deyib: “Mətbuat xidməti bir növ nazirliyin simasıdır. Nazirliyin layihələri, görüşləri, məlumatları mətbuat xidməti vasitəsilə ictimaiyyətə çatdırılır. Mətbuat katibi jurnalistikaya yaxın adam olmalıdır, jurnalistləri tanımalıdır, onlarla dil tapmalıdır. Bütün bu amillər çox vacibdir. Elə bu səbəbdəndir ki, çox vaxt təcrübəli, illərini mətbuata vermiş insanlar mətbuat katibi təyin olunur”.
Qonaq gənc jurnalistlərə peşələrini sevməyi arzulayıb: “İnsan heç bir sahədə mətbuatda ucaldığı qədər tez ucala, tanına bilməz. Jurnalistika elə bir aləmdir ki, gərək sənin dünyan yalnız ondan ibarət olsun. Ən əsası işi sevmək lazımdır. Əgər öz peşənizi sevsəniz, əminəm ki, böyük uğurlar əldə edəcəksiniz”.
Səmayə Məmmədova tələbə-jurnalistlərə kitab oxumağı, mütaliə etməyi də məsləhət görüb: “Yaxşı jurnalist olmaq istəyirsizsə, mütləq mütaliə etmələsiniz. Kim deyir ki, mən çıxdım verilişdə bu qədər sözü ekspromt dedim, bilin ki, yalandır. Mütaliəsi olmayan insan efirə çıxanda tamaşaçı bunu çox aydın görür. Mənim Nitq Mədəniyyəti müəllimim Rafik Hüseynov olub. O hər zaman deyirdi ki, efirə çıxanda unutmayın ki, sizə nazir də baxa bilər, fəhlə də, şair də... Məsləhətim budur ki, dəqiq bilmədiyiniz mövzudan qətiyyən danışmayın, çünki efirdə bu çox aydın görünür. Mütləq işinizin peşəkarı olmalısınız. Ya siyasət jurnalisti olun, ya mədəniyyət, ya da iqtisadiyyat, fərq etməz, əsas işə bələd olmaqdır. “Həm burada, həm orada olacam” fikri düzgün fikir deyil. Bir sahəni tam öyrənin. Əmin olun, bunları nəzərə alsanız, çox güclü jurnalist olacaqsınız”.
Qarşılıqlı diskussiya şəraitində keçən görüşdə gənc jurnalistlər özlərini maraqlandıran suallara cavab tapa biliblər.
DOSTLARINLA PAYLAŞ: