Şəkidəki XIX əsrə aid Aşağı Karvansaray bərpa olunur
11 İyul 2011 Bazar Ertəsi 19:29
Bərpa işlərinin bu ilin sonuna kimi başa çatması gözlənilir.
Şəkinin tarixi-mədəni abidələrindən olan Aşağı Karvansarayda 10 ilə yaxın baxımsızlıqdan sonra artıq təmir-bərpa işləri gedir. Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə yenidən qurulan bu tarixi məkan XIX əsrdə ipəkçiliyin inkişafı üçün tikilib. Sahə rəisi Sehran Məmmədovun sözlərinə görə, burada tağlardan biri uçmuşdu, sonradan digər tağlar da uçub. 32 tağ yeni bərpa edilib.

Bərpa prosesində yerli materiallar və eləcə də abidənin öz kərpiclərindən istifadə olunub. Mütəxəssislərin sözlərinə görə, yeni istehsal olunan kərpiclər 20 dərəcə şaxtada çatlasa da, qədimdən qalan bu kərpiclər 40 dərəcə şaxtaya tab gətirir.

İpək ticarəti üçün inşa olunan bu karvansarayda xüsusi zirzəmilər də tikilib. Nəm keçirməyən daşlarla hörülən bu zirzəmilərdə ticarətçilər öz ipək parçalarını saxlayırdılar.

Aşagı Karvansaray həm ticarət, həm də yaşayış yeri olub. Bərpadan sonra da bu tarixi məkan həmin funksiyanı itirmiyəcək. II etapda abidə mehmanxanaya uyğunlaşdırılacaq. Çöl hissəsində ticarət obyektləri tikiləcək. Bəs görəsən Aşagı Karvansaray turistləri özünə nə ilə cəlb edəcək?

“Burdakı daş divarların kaloriti hörgüsü turistləri cəlb edə bilər. Həm də, burada kondisioner qoymaga ehtiyac yoxdu. Otaqlar sərin olur. Qiymətləri indidən demək çətindir. Amma mehmanxana kimi fəaliyyət göstərəndə daha yüksək kateqoriyalı mehmanxana kimi fəaliyyət göstərəcək”, - deyə Sehran Məmmədov vurğulayıb.

Qeyd edək ki, bərpa işlərinin bu ilin sonuna kimi başa çatması gözlənilir. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar