Şəkidəki qədim qala divarlarının bir hissəsi uçmaq təhlükəsi ilə üzləşib. Baxımsızlıq ucbatından qədim divarın bəzi yerlərində artıq daş parçaları tökülüb.
Qeyd edək ki, Narın qala adı ilə məşhur olan abidə 18-ci əsrə aiddir və Şəkinin qədim tarixi abidələr ansamblının mühüm nümunəsi kimi dövlət tərəfindən qorunur.
Qala divarları abidə kompleksinin bir qismində sonuncu dəfə 4 il əvvəl restavrasiya işləri aparılsa da, tikilinin tam hissəsi bu təmirdən bəhrələnə bilməyib. Təmir qala divarlarının ən çox gözə dəyən yerlərində həyata keçirilib və üzərinə "Dövlət tərəfindən qorunur" ifadəsi yazılan lövhələr vurulub. Amma tarixi abidənin nəzərdən uzaq hissələrində qorunmadan əsər-əlamət yoxdur.
Bu ərazilərin daha çox xarici turistlərin gəliş yeri olması yerli ziyalıları və tarixçiləri də narahat edir. Vəziyyət o səviyyəyə çatıb ki, bu ərazidən otlaq kimi istifadə edənlər də var. Şəki mədəniyyət və turizm idarəsi mal-qaranın qoruq ərazisinə daxil olmasının qarşısını almaq üçün polis şöbəsi ilə birgə tədbirlər həyata keçirsələr də, buna tam nail bilməyiblər.
Qala divarlarındakı vəziyyət isə Şəki turizm və mədəniyyət idarəsi rəsmilərinin sözlərinə görə, yaxın vaxtlarda aradan qaldırılacaq və indiki vaxta tikilinin yalnız 20 faizinin təmir-bərpaya ehtiyacı var.
Qeyd edək ki, qala divarları ərazisində Tarix Diyarşünaslıq muzeyi, Xalq Tətbiqi sənəti muzeyi, Xan sarayı kimi məşhur tarixi abidələr yerləşir. /ANS TV/