Şəki Fransa səfirini heyran qoyub
28 Oktyabr 2013 Bazar Ertəsi 14:18
Paskal Mönye: Aleksandr Düma kimi, mən də Şəkiyə vurulmuşam.
Şəki şəhəri Fransanın Azərbaycandakı səfiri Paskal Mönyeni heyran qoyub. ANS PRESS-in məlumatına görə, Şəkiyə səfər edən səfir öz ölkəsində də də belə bir şəhərin olmasını arzulayıb: "Mən artıq dördüncü dəfədir ki, Şəkiyə səfər edirəm. Mənim artıq bu şəhərdə dostlarım var. Aleksandr Düma kimi, mən də Şəkiyə vurulmuşam. İstərdim ki, Fransada da Şəkiyə bənzər bir şəhər olsun, onlar bir-biri ilə qardaşlaşsınlar. Bu, bizi çox sevindirərdi. Şəki elə bir qədim şəhərdir ki, burada tarixin bütün izlərini görmək mümkündür".
Fransanın Kolmar şəhəri ilə Şəki arasında əlaqələrin perspektivlərinə toxunan səfir bildirib ki, Kolmar şəhərinin meri bu dostluğu daha da möhkəmləndirmək üçün Şəki məktəblilərinə fransız dilində dərsliklər hədiyyə edib. Merin arzusu budur ki, bu əlaqələr daha da genişlənsin, gediş-gəliş olsun: “Biz ölkələrimiz arasında turizm sahəsində əlaqələrin genişlənməsində maraqlıyıq. İstəyirik ki, Azərbaycan ilə Fransa arasında viza rejimi daha da sadələşsin, insanlar rahat şəkildə bir-birilərinə getsinlər. İstəyirik ki, Azərbaycana gələn fransız turistlər Şəkidə də olsunlar, bu qədim şəhəri öz gözləri ilə görsünlər, tanısınlar”.
DOSTLARINLA PAYLAŞ: