Şəhərsalma və Arxitektura Komitəsi: Bakıda bəzi tikililər sökülə bilər
27 Dekabr 2011 Çərşənbə Axşamı 03:17
Vaxtilə Bakıda yaranmış vəziyyətdən istifadə edərək uğursuz memarlıq həlli olan obyektlər inşa edilib.
“Keçən əsrin 90-cı illərinin ortalarından başlayaraq ölkədə ümumi inkişafın, o cümlədən şəhərsalmanın tempi və həcmi artır, müasir çoxmərtəbəli yaşayış evləri tikilir, ictimai binalar yenidən qurulur, avtomobil yolları, müasir körpülər, idman qurğuları, otellər istismara verilir”. ANS PRESS-in məlumatına görə, bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Yap.org.az saytına müsahibəsində deyib. Onun sözlərinə görə, Heydər Əliyev Sarayının, Nizami adına kinoteatrının, muzey və teatr binalarının, “Azərbaycanfilm” kinostudiyasının yenidən qurulması və əsaslı təmiri, turizm obyektlərinin, idman-sağlamlıq komplekslərinin inşası həyata keçirilərkən memarlıq fonu, memarlıq-planlaşdırma həllərinin həcm-məkan həlli, eləcə də fasadların tərtibatında milli memarlıq ənənələrinə uyğun üsulları tətbiq edilıb.

“Tarixi məhəllələrin yenidən qurulması zamanı layihəçilər “tikinti fonu” adlanan problemlə üzləşirlər. Bu, memarlıq baxımından dəyərli olan istər yaşayış, istərsə də ictimai binalara yaxın sahələrdə yerləşən, fiziki və mənəvi cəhətdən bərpası mümkün olmayan tikililərdir.Məlumdur ki, XIX əsrin sonundakı neft bumu Bakını dünyanın ən iri sənaye mərkəzləri sırasına çıxardı. 1901-ci ildə dünyada neftin yarısından çoxu Bakıda çıxarılırdı. Varlanmış yerli milyonçular - Hacı Zeynalabdin Tağıyev, Ağamusa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Ağabala Quliyev, İsabəy Hacınski və xarici neft sənayeçiləri, o cümlədən Nobellər, Rotşildlər və başqaları öz dəbdəbəli sarayları və villalarının tikintisi üçün xeyli vəsait xərclədilər. Bakı milyonçularının sifarişi ilə Avropadan peşəkar memarlar dəvət olunurdu”, - Abbas Ələsgərov bildirib.

Komitə sədrinin sözlərinə görə, müxtəlif vaxtlarda Bakıda məşhur memarlar - İ.V.Qoslavski, İ.K.Ploşko, E.Y.Skibinski, K.B.Skureviç, A.V.Eyxler, İ.V.Edel, N.Q.Bayev, A.V.Şusev və başqaları çalışıblar: “Müxtəlif üslublarda layihələndirilmiş möhtəşəm memarlıq əsərləri bu gün də qədim şəhəri bəzəməkdədir. Qeyd etmək lazımdır ki, tikinti üçün torpaq sahələrinin ayrılması, köhnəlmiş tikililərin sökülməsi, bilavasitə tikintinin özü şəhərin mərhələlərlə işlənən planlarının tələblərinə uyğun olaraq aparılırdı. Bakı şəhərində bu gün tikilən memarlıq obyektlərinin layihə sənədlərinin hazırlanmasında yerli memarlarla yanaşı məşhur əcnəbi memarlar Zaha Hadid, Frans Yans, Valter Mari, Rikardo Smit və başqaları da iştirak edir, gözəlləşən paytaxtımıza müasir dünyanın yeni mütərəqqi memarlıq nümunələri bəxş edirlər”.

“Bu gün paytaxtımızda, dənizkənarı park ərazisində orijinal formasına görə milli musiqi aləti olan tarı xatırladan Muğam Mərkəzi tikilib istifadəyə verilmişdir. Məşhur memar Zaha Hadid tərəfindən layihələndirilən Heydər Əliyev adına Mərkəzin tikintisi tamamlanmaq üzrədir. Azadlıq meydanında iki 30 mərtəbəli beşulduzlu otel, həmçinin şəhərin dağlıq hissəsindəki Parlament prospektində “Üç alov” kompleksi: 38 mərtəbəli yaşayış evi, 36 mərtəbəli otel və 34 mərtəbəli ofis binası, orijinal formalı Azərbaycan Xalçası muzeyi şəhərə xüsusi yaraşıq verəcək”, - Şəhərsalma və Arxitektura Komitəsinin sədri deyib.

Abbas Ələsgərovun sözlərinə görə, ölkənin hər yerində xüsusən də, Bakıda xeyli müasir obyektlər tikilib və onlar da nəinki şəhərin gözəlləşməsinə, eyni zamanda bu sahədə ölkəmizə yeni “nou-hau”ların, innovatik yeniliklərin gətirilməsinə zəmin yaradır: “Bununla belə, onu da qeyd etmək lazımdır ki, vaxtilə Bakı şəhərində yaranmış vəziyyətdən istifadə edərək uğursuz memarlıq həlli olan obyektlər də inşa edilib. Onların bəzilərinin indi sökülməsi məsələsi də müzakirə mövzusuna çevrilib”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar