Səbaildə ağılasığmaz torpaq ucuzlaşması
30 Oktyabr 2009 Cümə 16:40
Avropa otelinin yaxınlığında torpağın 1 sotu 250 min dollardı
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi Bakının torpaq bazarında apardığı növbəti monitorinqin nəticələrini açıqlayıb.
Birlikdən daxil olan monitorinq nəticələrinə əsasən, sentyabr ayında bazara təklif olunan ümumi 827,7 ha torpaq sahəsinin 76,2%-ni boş sahə, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib. Torpaq bazarında qiymət indeksi 10,9 bənd azalaraq, 290,5 səviyyəsində qərarlaşıb.
Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası sentyabr ayında bir qədər zəifləyib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında müvafiq olaraq, azalma müşahidə olunub və bazarın aktivliyi əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib.
Bazarda torpağın ekspozisiya müddəti əvvəlki ayla müqayisədə 0,8% artaraq, 239 günə çatıb. Yaranmış vəziyyət əsasən, bazarda tələb və təklifin strukturunun tərs mütənasib dəyişməsi və son aylar iqtisadi böhranın ölkənin torpaq bazarına mənfi təsiri nəticəsində meydana çıxıb. Bu tendensiya mövsümlə əlaqədar bir qədər də dərinləşib.
Ötən aylarda olduğu kimi sentyabr ayında da Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma müşahidə olunub. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 3,6% azalaraq, 17474 $/sot səviyyəsindən 16842 $/sot səviyyəsinə enib.
Ay ərzində qiymət azalması daha çox I və II zonalarda qeydə alınıb. Bu hər iki zonada torpağın bazar qiymətinin real dəyərindən çox baha olması ilə bağlıdır.
Şəhərin mərkəzində qiymətlərin həddən artıq yüksək olması I və II zonalarda tələbin aşağı düşməsi ilə paralel qiymətlərin də azalmasına səbəb olub. Amma III və IV zonalarda təklifin çox olması, tikintinin tempinin aşağı enməsi nəticəsində torpağa olan tələbin sürətlə azalması bu zonalar üzrə qiymətlərin enmə tendensiyasını saxlayır.
Qiymətlərin hələ də real dəyərdən yüksək olması torpağın gəlirliyinə ciddi təsir göstərməsə də bazarın bu seqmentində ekspozisiya müddətinin artmasına və likvidlik dərəcəsinin düşməsinə təsir göstərib. Bütün bunlarla yanaşı torpaq sahələrinin ipoteka prosesində girov predmeti kimi qəbul olunmaması daşınmaz əmlak subyekti kimi mülkiyyətin bu növünə olan marağı xeyli zəiflədib.
Son aylar bazarda baş verən proseslər bazarın bu seqmenti ilə aparılan əməliyyatlarda risk dərəcəsini artırıb.
Ən çox qiymət azalması Səbail (-10,3%) rayonunda qeydə alınıb. Ötən aylardan fərqli olaraq, sentyabrda heç bir rayonda torpağın qiymətində artım qeydə alınmayıb.
Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Binəqədi və Nərimanov rayonları başçılıq edir. Ən passiv rayon isə ötən aylar olduğu kimi Nəsimi rayonudur.
Ay ərzində bazara təklif olunan ən bahalı torpaq sahəsi Yasamal (Avropa otelinin yaxınlığı) rayonunda (250000 min $/sot), ən ucuz torpaq sahəsi isə Abşeron (Pirəkəşkül qəsəbəsi) rayonunda (280 $/sot) qeydə alınıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: