Saxta profildəki yazı aləmi qarışdırdı
18 Fevral 2014 Çərşənbə Axşamı 00:46
Astara rayon polis şöbəsi hazırda araşdırma aparır və bunu edənin şəxsiyyətini müəyyənləşdirməyə çalışır.
Dünən axşam saatlarında Astara rayonunun Ərçivan qəsəbəsinin bir qrup sakini Astara rayon Polis Şöbəsinin qarşısına toplaşıblar.
Ərçivanlıların sözlərinə görə, sosial şəbəkələrdə qəsəbə sakinlərinin ünvanına təhqiramız ifadələr işlədilib. Onlar bu ifadələri yazanın Astara sakini olduğunu, bu şəxsin cəzalandırlmasını tələb etdiklərini bildiriblər.
Astara Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Hikmət Ağayev APA-ya bildirib ki, Ərçivan qəsəbə sakinlərinin ərizə ilə polis şöbəsinə müraciət edib:
”Həqiqətən də bu gün qəsəbənin bir qrup sakini şöbəyə gələrək, sosial şəbəkədə təhqir olunduqlarını, bunu yazan şəxsin isə rayonun Pensər kəndinin sakini olduğunu bildiriblər. Qəsəbə sakinləri həmin şəxsdən şikayətçi olub, onun cəzalandırılmasını istəyiblər. Tərəfimizdən aparılan araşdırmalardan sonra məlum oldu ki, təhqir heç də bu şəxs tərəfindən edilməyib. Sadəcə, bir başqası həmin şəxsin profilinə daxil olmaqla orda bu cür ifadələr yazıb və qarşıdurma yaratmağa cəhd edib. Hazırda polis araşdırma aparır və bunu edənin şəxsiyyətini müəyyənləşdirməyə çalışır”.
Polis şöbəsindən bildirilib ki, sakinlər şikayətlərini bildirəndən sonra ərazini tərk ediblər. Polislə sakinlər arasında hər hansı insident baş verməyib.
DOSTLARINLA PAYLAŞ: