Sarısu gölündəki bərpa işləri iki günə başa çatdırılacaq
18 May 2010 Çərşənbə Axşamı 02:50
Gölün ətrafında qoruyucu bəndin iki istiqamətində dağılmış hissələri bərpa edilir.
Saatlı rayonuda Sarısu gölündəki dağılmış bənddə bərpa işləri davam etdirilir. Əraziyə aidiyyəti qurumların texnika və canlı qüvvəsi cəlb edilmişdir. Şirvan şəhərində də bəndbərkitmə işləri görülür.
İmişli və Saatlı rayonlarının sərhədində yerləşən Sarısu gölü ətrafında qoruyucu bəndin iki istiqamətində dağılmış hissələri bərpa edilir. Kür çayı boyunca uzanan 22 kilometrlik qoruyucu bəndin bir istiqamətində bərpa işləri artıq başa çatmaq üzrədir. Bərpa işləri 24 saat fasiləsiz davam etdirilir. Fövqəladə Hallar, Müdafiə, Daxili İşlər nazirliklərinin, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin canlı qüvvələri və texnikası əraziyə səfərbər olunmuşdur. Əraziyə torpaq və beton materiallar daşınır.
Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev bildirib ki, bəndin dağılmış iki hissəsi arasında məsafə təxminən 40 metrdir. Birinci hissədə artıq bərpa işləri gedir. Bir çox çətinliklərin olmasına, o cümlədən maşınların, texnikanın əraziyə gəlməsində problemlər yaranmasına baxmayaraq, artıq işin 40 faizi yerinə yetirilmişdir. Vəziyyət nəzarət altındadır.
Nazir müavini vurğulayıb ki, bənddə bərpa işləri iki gün ərzində başa çatdırılacaq.
Şirvan şəhərindəki İsmət Qayıbov adına Parkın yaxınlığında da sızmalar baş verib. Suyun qarşısını almaq məqsədi ilə bəndbərkitmə işləri aparılır. Bu işlərə Daxili Qoşunların şəxsi heyəti və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin canlı qüvvə və texnikası, həmçinin yerli sakinlər cəlb olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: