Sarısu gölü ətrafındakı 8 kənd boşaldılır
24 May 2010 Bazar Ertəsi 19:05
Sabirabad və Saatlı rayonlarının kəndləri təhlükə qarşısındadır. Sarısu gölü ətrafındakı 8 kənd boşaldılır.
Bu gün təxminən saat 15 radələrində Sarısu gölünün Muradbəyli kəndi ərazisindəki bəndi dağılıb. Nəticədə Sabirabadın və Saatlının 4 kəndi təhlükə qarşısında qalıb. ANS-in təbii fəlakət bölgəsinə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, hazırda Sabirabadın Muradbəyli kəndi ərazisinə sel suları daxil olub, kənddən insanların köçürlməsinə başlanılıb. Muradbəyli, Qasımbəyli, Əsgərbəyli, Axtaçı kəndlərinin əhalisi köçürülür. Daha təhlükəli vəziyyət isə Muradbəyli kəndində yaranıb. Bu kənd bir tərəfdən Kür çayı, digər tərəfdən isə Sarısu gölü ilə əhatə olunub.
Saatlı rayonunda da sel təhlükəsi yaranıb. Rayonun Nərimankənd, Musalı, Dəllər və Novruzlu kəndlərinin əhalisinin köçürülməsinə başlanılıb. Sarısu gölündən Dəllər kəndi istiqamətində su axını daha sürətli olduğundan ora gedişə məhdudiyyət qoyulub. ANS-in fəlakət zonasındakı müxbirinin verdiyi məlumata görə, insanlar şəxsi avtomobilləri və dövlət tərəfindən ayrılan xüsusi nəqliyyat vasitələri ilə ərazidən köçürülür. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: