Sarısu gölü daşsa, 9 kənd su altında qala bilər
19 May 2010 Çərşənbə 10:45
Sarısu gölü daşsa, 9 kənd su altında qala bilər. Göldə suyun səviyyəsi durmadan artır.
İmişli və Saatlı rayonlarının sərhədində yerləşən Sarısu gölünə Kür çayının axması nəticəsində göl öz məcrasından çıxıb. ANS TV-nin təbii fəlakət bölgəsinə ezam olunmuş bölgə müxbirinin məlumatına görə, nəticədə 15 min hektar sahəni sel basıb. 9856 hektar sahəsi olan göllə Kür çayını ayıran 25 kilometrlik bəndin 10 kilometri Sabirabad rayonu ərazisindən keçir. Bəndin buradan keçən bir hisəsi bərpa olunsa da, göldə suyun səviyyəsi durmadan artır.
Bəndin İmişli rayonunun Allahməmmədli kəndi ərazisindən keçən hisəsi isə hələ də bərpa olunmadığından Kür çayı Sarısuya axmaqda davam edir ki, bu da ətraf kəndləri su basma təhlükəsini hər an tezləşdirir. Ən kritik vəziyyət Sabirabadın Muradbəyli və Naxalıq kəndi ərazisindədir. Burada Sarısu gölündən axan su kəndin 100 metr içərisinə doğru hərəkət edir. Bu səbəbdən də kəndin rayon mərkəzi ilə yeganə çıxış yolu bağlanıb. Kəndə avtomobillərin girişi üçün heç bir yol olmadığından insanlar kəndə giriş üçün 8 kilometr yolu piyada qət etməli olurlar. Bütün kəndi su ağuşuna aldığından sakinlər həyətlərə girib çıxmaq üçün qayıqlardan istifadə edirlər.
Sarısu gölünə Kürün axınının qarşısını almaq üçün ərazidə sürətlə bəndvurma işləri aparılır. Bunun üçün Müdafiə Nazirliyinin 2000 əsgəri və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bəndvurma işlərinə cəlb olunublar.
Artıq Naxalıq kəndinin əhalisi kənddən evakuasiya olunub, Muradbəyli kəndindən isə əhalinin köçürülməsinə başlanılıb. Eyni zamanda kənddə olan mal-qara da qonşu kəndlərə köçürülüb. Örüş və əkin sahələrini də su basdığından kənt təsərrufatına ciddi ziyan dəyib.
Qeyd edək ki, adi vaxtlarda Sarısu gölünün dərinliyi 2 metr olduğu halda, indiki zamanda onun dərinli 7, 8 metrdir. Bəzi yerlərdə isə 11 metrə çatır. Göldə su çox olduğundan yaranan dalğaların hündürlüyü 40 santimetrlə 50 santimetr arasında dəyişir ki, bu da ətrafin su altında qalma təhlükəsini artırır.
Mütəxəsislər isə hesab edir ki, əgər Sarısu gölü daşarsa, Sabirabadın Muradbəyli, Yuxarı axtalı, Yaxalıq, İmişlinin Cəfəri, Keştəri, Allahməmədəli, Saatlının Hacıqasımlı, Novruzlu və Kamallı kəndləri su altında qalacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: