Sanatoriyaların 80 faizində qaçqın və məcburi köçkünlər yaşayır
12 İyul 2011 Çərşənbə Axşamı 01:43
“Hazırda çarpayı fondunun yalnız 20 faizi sanatoriya-kurort müalicəsi üçün istifadə edilir”.
“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının «Kurort» Səhmdar Cəmiyyəti əməkçilərin sağlamlığının qorunması və mühafizəsi baxımından özünün mövcud imkanlarından obyektiv səbəblərdən tam olaraq istifadə edə bilmir”. ANS PRESS-in məlumatına görə, bunu yap.org.az saytına müsahibəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib. Onun sözlərinə görə, 1989-cu ildən etibarən respublikanın düşdüyü ağır müharibə vəziyyəti, sanatoriya, pansionat və kurortlardan da yan keçməyib. Belə ki, “Şuşa”, “İstisu” sanatoriyaları erməni təcavüzkarları tərəfindən işğal olunmuş ərazilərdə qalıb. Nəticədə Azərbaycan Həmkarlar İttifaqlarının “Kurort” Səhmdar Cəmiyyətinə 2,2 milyard manatdan artıq ziyan dəyib.

“Cəmiyyətin xidmətində olan müxtəlif profilli sanatoriyaların çarpayı fondunun 80 faizində 7000-ə yaxın qaçqın və məcburi köçkün yaşayır. Hazırda çarpayı fondunun yalnız 20%-i sanatoriya-kurort müalicəsi üçün istifadə edilir. Lakin biz inanırıq ki, tezliklə torpaqlarımız erməni təcavüzkarlarından azad olunacaq və Dağlıq Qarabağ problemi öz həllini tapacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Azərbaycanın müstəqilliyinin 20-ci və Silahlı Qüvvələrin 93-cü ildönümü münasibətilə keçirilən möhtəşəm və təntənəli hərbi parad bir daha göstərdi ki, bu missiyanı həyata keçirə bilən nizami ordumuz var. Zabit və əsgərlərimiz tükənməz vətənpərvərlik hissi və yüksək döyüş hazırlığı ilə seçilir. Ali Baş Komandan İlham Əliyevin qarşısından inamlı addımlarla keçən igid döyüşçülərimiz ordu quruculuğu sahəsində əldə olunan inkişafı və ölkəmizin hərbi qüdrətini əyani nümayiş etdirdilər. İnanırıq ki, güclü Azərbaycanın güclü ordusu qələbəmizi təmin edəcək”, - Səttar Mehbalıyev deyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar