Şamaxıdakı Cümə məscidi yenidən qurulur
12 İyun 2010 Şənbə 01:05
Azərbaycanın ən qədim dini mərkəzində 36 metrlik iki minarə ucaldılacaq.
Prezident İlham Əliyevin Sərəncamı ilə Şamaxıdakı qədim Cümə məscidi əsaslı şəkildə yenidən qurulur. Layihə Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilir.

Bütün Cənubi Qafqazda ikinci, indiki Azərbaycan ərazisində isə ilk qədim dini mərkəz və unikal memarlıq abidəsi olan Şamaxı Cümə məscidi 743-cü ildə inşa olunub. 1859-cu il zəlzələsində dağılan məscid yenidən bərpa olunsa da, 1902-ci ildə Şamaxıda baş verən güclü zəlzələdə məscidə ciddi ziyan dəyib. Azərbaycanın ilk ali təhsilli memarı, şamaxılı Zivər bəy Əhmədbəyov və polşalı mühəndis İosif Pleşkonun layihəsi əsasında 1909-cu ildə yenidən qurulan bu memarlıq abidəsinin əvvəlki görkəmi bərpa edilib. Məsciddə aparılan indiki yenidənqurma işləri də həmin layihənin daha möhtəşəm və təkmil variantı əsasında həyata keçirilir.

Cümə məscidini üç tərəfdən əhatə edən ikimərtəbəli qalereya da inşa olunur. Burada inzibati bina, konfrans zalı, kitabxana, dəstəmaz yerləri və digər yardımçı otaqlar yerləşəcək. Məscidin yan tərəfində hər biri 36 metr hündürlüyündə iki minarə ucaldılacaq. Layihəyə əsasən, qalereyanın başlanğıcı və sonunda, eləcə də məscidin üstündə qədim memarlıq üslubunda naxış və ornamentlərlə bəzədilən günbəzlər qurulacaq.

Şamaxı seysmik zona olduğu üçün məscidin bünövrəsi bir metr dərinliyində dəmir-beton konstruksiyalarla möhkəmləndirilib. Minarələrin davamlılığını artırmaq məqsədi ilə 15 metr dərinliyində özül bərkitmə işləri aparılıb. Yeni layihəyə görə, ibadət məkanının qarşısında üstündə günbəz olan 4 metrlik giriş qapısı olacaq. Ərazidəki qədim hücrələr də bərpa olunaraq ətrafda geniş abadlıq işləri aparılacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar