Şamaxının Kələxana kəndində 17-ci əsrə aid olduğu bildirilən türbələr kompleksi baxımsızlıq ucbatından məhv olmaq təhlükəsi ilə üzləşib. Abidənin yerləşdiyi ərazidə onun qorunması və tarixi əhəmiyyəti barədə heç bir işin görülməməsi bunu deməyə əsas verir.
Deyilənə görə, əvvəllər kompleks 9 türbə və bir neçə yan tikilidən ibarət olub, lakin sovetlər dövründə türbələrdən ikisi və yardımçı tikililərin bir hissəsi sökülərək məhv edilib. Arxeoloqlar isə hesab edir ki, tikili sadəcə türbə deyil, karvansara kimi istifadə olunub və bir neçə əsr əvvəl ərazinin böyük ticarət yolu üzərində yerləşməsinə dəlalət edir.
«Mən karvansara deməklə nəyəsə istinad edib deyirəm. Ona görə ki həmin kompleksə yaxın ərazidə böyük buzxana mövcuddur. Həmin buzxana düzdür, hazırda torpaqqatı ilə tamamilə bağlanmışdır, ancaq biz həmin buzxanaya baxarkən gördük ki, buzxana 6-7 otaqdan ibarətdir. Həmçinin buzxana yaxınlığına Şamaxı üçün xarakterik olmayan kəhriz də gətirilmişdir»,- deyə Şamaxı ekspedisiya qrupunun rəhbəri Şirzad Əhmədov bildirib.
Abidənin 17-ci əsrdə memar Sərkar Əbdüləzim oğlu tərəfindən inşa edildiyi bildirilir. Mütəxəssislərin fikrincə, Şamaxının bu ərazisi tarixi abidələrlə zəngindir və təbii şəraitlə əlaqədar olaraq onların çox hissəsi məhvə məhkum olub. Ona görə də ərazidə arxeoloji qazıntıların aparılmasına və Şamaxının bu hissəsinin də beynəlxalq turizm marşrutuna salınmasına zərurət var. Amma hələlik unikal tarixi abidə kompleksinin ərazisində mal-qara yemləndirilir, təmir-bərpa işlərinin aparılması isə nəzərdə tutulur.
«Alman tarixçisi Ditsə görə, bu, ən yaxşı 8 guşəli abidələrdəndir və bizə yaxşı məlumdur ki, ermənilər tərəfindən həmin abilərdən ikisi dağıdılmış və daşlardan onlar özləri üçün ev tikmişdir. 7 abidə hazırda müəyyəndir, ikisi qəza vəziyyətində olsa da, qalanları hazırda demək olar ki, müəyyən qədər yaxşı vəziyyətdədir. Ancaq abidələrin əsaslı bərpaya və təmir işlərinə böyük ehtiyacı var. Yaxın vaxtlarda həmin abidələrldə bərpa işləri aparılacaqdır»,- deyə Şamaxı mədəniyyət və turizm idarəsinin məsləhətçisi Rəfail Tağızadə bildirib.
Ümumiyyətlə isə Şamaxı rayonu üzrə 79 tarix və mədəniyyət abidəsi mövcuddur və onların hamısı dövlət tərəfindən qorunur. /ANS TV/