Salyan rayonunda yeni bir təhlükə
25 May 2010 Çərşənbə Axşamı 21:50
Rayonda epidemioloji vəziyyət gərginləşib.
Kür sahilində yerləşən Salyan rayonunda yeni bir təhlükə yaranıb. Rayonda səviyyəsi qalxan qrunt suları epidemioloji vəziyyətə təsir edib. Hələlik rayonda heç bir yoluxucu xəstəlik qeydə alınmasa da, yerli əhali arasında narahatlıq var.

ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, son bir həfətə ərzində Salyan rayonu ərazisində Kürün səviyyəsi 70 santimetr aşağı düşsə də, bu, həyətlərə yığılan qrunt sularının səviyyəsinə bir o qədər də təsir göstərməyib. Ən əsası isə həyətlərdə qrunt suları uzun müddət yığılıb qaldığından rayonda epidemioloji vəziyyət gərginləşib.

Qeyd edək ki, rayonun mərkəzi və Kür boyunca yerləşən yaşayış məntəqələrində minlərlə ev qrunt suları içərisindədir. Həyətlərə toplanan sular təbii xassəsini itirdiyindən artıq rayonda antisanitariya vəziyyəti hökm sürür. Kəskin qoxudan və üfunətdən bəzi həyətlərdə nəfəs almaq belə çətindir. Bütün bunlar rayon sakinlərinin bir qisminin evini tərk etməsi ilə nəticələnib. Getməyə yeri olmayan sakinlər isə normal həyat şəraitlərinin pozulmasından şikayətlənirlər.

Rayon ərazisində durğun suların çoxalması ağcaqanadların artmasına səbəb olub. Bu isə əhalinin malyariya xəstəliyinə tutulması üçün münbit şərait yaradır.

Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İntiqam Abışov da bildirib ki, rayon ərazisində epidemioloji vəziyyət getdikcə kəskinləşir. Onun sözlərinə görə, rayona 1 ton 500 kiloqram xlorlu əhəng, 250 kiloqram “didfos” və 250 kiloqram “xloramin” məhlulu gətirilib. Hazırda rayon ərazisində 5 epidbriqada yaradılıb və bu günə qədər rayonda heç bir yoluxucu xəstəlik qeydə alınmayıb.

Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, həyətlərdə toplanan qrunt suları yanğınsöndürən maşınlar və nasoslar vasitəsi ilə həyətlərdən kənara vurulur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar