Şaitdin Əliyev MSK sədrinin müavini seçilib
09 İyun 2010 Çərşənbə 16:30
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Şaitdin Əliyev MSK sədrinin müavini seçilib.
APA-nın məlumatına görə, iclasda MSK sədri Məzahir Pənahov bildirib ki, Milli Məclisin qərarı ilə Şaitdin Əliyev parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının nümayəndəsi olaraq MSK üzvü seçilib. MSK sədrinin müavini postunun üzün müddətdir boş olduğunu bildirən M. Pənahov Ş. Əliyevin həmin posta namizədliyini irəli sürüb. Ş. Əliyevin müsbət keyfiyyətlərini sadalayan MSK sədri onun bu vaxta qədər göstərdiyi siyasi fəaliyyət barədə danışıb: “Mən inanıram ki, Şaitdin müəllim MSK üzvü kimi də uğurlu fəaliyyət göstərəcək”.

MSK üzvləri Ş. Əliyevin MSK sədrinin müavini olmasına yekdilliklə səs veriblər.

Qeyd edək ki, MSK sədrinin müavini Svetlana Qasımova 2009-cu il noyabrın 30-da vəfat etdikdən sonra MSK sədrinin müavini postu boş idi.

Ş. Əliyev ona göstərilən etimada görə, MSK üzvlərinə təşəkkürünü bildirib. O, bu etimadı doğrultacağını, öz işini layiqincə yerinə yetirməyə çalışacağını qeyd edib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar