Şahin Əliyev: “Bakıda kütləvi tədbir olarsa, şəhər iflic vəziyyətinə düşər”
16 Aprel 2010 Cümə 13:20
PA-nın şöbə müdiri ATƏT tərəfindən səslənən təkliflərə təəssüflənib.
“Azərbaycanda Seçki Məcəlləsi qəbul edilib. Ötən on il ərzində Seçki Məcəlləsinə təxminən 10 dəfə dəyişiklik olub. Bu dəyişikliklərin mütəmadi edilməsi özlüyündə heç bir dövlətdə qarşıya məqsəd kimi qoyula bilməz”. Bunu Prezident Administrasiyasının (PA) Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev deyib.
Ş. Əliyev bildirib ki, heç bir qanun tam təkmil və tam əbədi qalmağa hesablanmış kimi qəbul edilə bilməz: “Seçki Məcəlləsinə dəyişikliklər edilərkən Azərbaycan hökuməti ATƏT və Avropa Şurası Venesiya Komissiyası ilə sıx əməkdaşlıq edib, onların tövsiyələrinin 90 faizi nəzərə alınıb. Biz bu əməkdaşlığı davam etdirməyə hazırıq. Lakin bir arzumuz var ki, hər bir dəyişiklik əsaslandırılmalı, onun arxasında praktiki tətbiqin təhlili olmalıdır. Bu təhlil nəticəsində də müəyyən təkliflər ortaya qoyulmalıdır. Çox təəssüflər olsun ki, son zamanlar Seçki Məcəlləsinə dəyişikliklər edilməsi barədə ATƏT tərəfindən səslənən təkliflərin arxasında belə təhlillər yoxdur. Seçki Komissiyaların təşkili ilə bağlı 50-yə yaxın formulun adını çəkmək olar. Nəyə görə seçki komissiyaları sədrlərinin 1/3 prinsipi əsasında təşkil edilməsi təklif olunur? Bunun arxasında hansı təhlil durur? Hazırkı praktikada hansı nöqsanları görürlər ki, yeni forma təklif edirlər?”
PA rəsmisi qeyd edib ki, Azərbaycanda parlament seçkisinin keçirilməsi prezident və Prezident Administrasiyasının diqqət mərkəzindədir, hər hansı problem yaranarsa, ona uyğun da reaksiya veriləcək.
Kütləvi aksiyaların şəhərin mərkəzində keçirilməsi barədə səslənən tələblərə gəlincə, Ş. Əliyev deyib ki, Bakıda nəqliyyatın sıxlığı ilə bağlı vəziyyət hər kəsə bəllidir: “Bakıda yollarda təmir işləri aparılanda şəhərdə problemlər yaranır. Axşam saatlarında Bakının mərkəzində kütləvi tədbir olarsa, şəhər iflic vəziyyətə düşər. Şəhər rəhbərliyinin ayırdığı yerlər mitinqlərin keçirilməsi üçün tam əlverişlidir”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: