Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Bakının Binəqədi, Yasamal, Nəsimi, Nərimanov, Səbael, Sabunçu, Nizami və Xətai rayonlarında yerləşən 52 şadlıq evində araşdırma aparıb.
Monitorinqlər Fransa istehsalı olan “Perrier” mineral suları və Avstriya istehsalı olan “Granini” meyvə şirələrinin ölkə ərazisində saxta variantlarının hazırlanaraq şadlıq saraylarında istifadə edilməsi ilə bağlı gələn şikayət məktubları əsasında aparılıb.
Monitorinqlər nəticəsində müəyyən olunub ki, iki şadlıq evində (“Kleopatra” və “Tac-Mahal”) üzərində Rusiya, Türkiyə və Fransa istehsalı olduğu qeyd edilən, mənşəyi məlum olmayan saxta “Swell” və “Aroma” nektarları, “Perrier” mineral suları müştərilərə satılır.
Bütün hallarda adıçəkilən içkilərin satışını qadağan edən tələbnamə verilib.
Araşdırma zamanı təqdim olunan qaimələrə əsasən saxta məhsulların “Daşqın-M” MMC-də istehsal olunduğu müəyyən olunub.
Hazırda adıçəkilən müəssisənin ünvanı dəqiqləşdirilir, saxta məhsulların digər istehsalçılarının müəyyən edilməsi üçün müvafiq işlər aparılır./ANS PRESS/