Sabirabadda Kürün səviyyəsi yenə qalxdı
20 May 2010 Cümə Axşamı 10:25
Kür qırağı kəndlərdə isə qrunt suları 1 metr qalxıb.
Bu günə olan məlumata görə, Sabirabad rayonunda Kür çayının səviyyəsi yüksəlib. ANS PRESS-ə bölgə müxbiri məlumatına görə, rayonda Kürün səviyyəsi 4 santımetr yüksəlib. Kürün Salyan rayonundan keçən hissəsində isə əksinə enmə müşahidə olunub. Burada çayın səviyyəsi 18 santimetr aşağı düşüb.
Qeyd edək ki, dünən Sabirabadın Azada kəndi istiqamətində Kür çayının qarşısında qurulan bəndin dağılmasından sonra kəndin bir hissəsi – 150-yə yaxın ev suyun altında qalıb, 60-dan çox ev selin təsirindən uçub. "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanovun verdiyi məlumata görə, Sabirabadın Azada kəndi ərazisində su bəndinin dağılması əsasən Salyan və Neftçalaya yardım edib. Həmin ərazilərdə suyun səviyyəsi azalıb və daşqın təhlükəsi aradan qalxıb.
Bölgə müxbirinin məlumatına görə, Kür çayının sahilindəki kəndlərdə qrunt suları da qalxmağa başlayıb. Artıq burada 1 metrə qədər qalxma müşahidə olunub.
Son vaxtlar yağan aramsız yağışlar nəticəsində ölkənin bəzi rayonları ərazisində subasma halları baş verib, ilkin məlumatlara görə, 20 minə yaxın ev, 50 min hektardan çox əkin və örüş sahələri su altında qalıb, 300-dən çox ev uçub, 2 minə qədər ev qəzalı vəziyyətə düşüb, çoxsaylı infrastruktur və digər sosial təyinatlı obyektlər sıradan çıxıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: