Sabirabadda daşqınlardan ziyan çəkənlər üçün yeni qəsəbə salınır
10 İyul 2011 Bazar 02:13
203 evin olacağı qəsəbədə artıq 40-dan çox evin inşası başa çatıb.
Kür çayında keçən il baş vermiş daşqınlardan ən çox ziyan çəkən rayonlardan biri Sabirabad olub. Çay bu rayonun ərazisində öz yatağından çıxaraq əhalinin şəxsi təsərrüfatlarına, ev-eşiklərinə və əkin sahələrinə xeyli ziyan vurub.
Bütün ekstremal hallarda olduğu kimi, bu dəfə də hökumətin müvafiq qurumları təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına yönəldildi. İlk növbədə, əhali və mal-qara su basmış ərazilərdən çıxarılaraq təhlükəsiz yerlərə köçürüldülər. Ardınca bəndbərkitmə işlərinə başlanıldı. Sonra isə əhaliyə dəyən ziyan hesablanaraq kompensasiya ödənilməsinə və təzə ev tikintisinə start verildi.
Daşqın zamanı rayonun Ulacalı kəndindəki evlərin əksəriyyəti su altında qalaraq yaşayış üçün yararsız hala düşüb. Sel kənd ərazisini hətta o hala salmışdı ki, həmin ərazi, ümumiyyətlə, məskunlaşmaq üçün yaramırdı. Odur ki, kənd camaatı üçün yeni qəsəbənin salınmasına qərar verildi.
Ümumilikdə 203 evin olacağı qəsəbədə artıq 40-dan çox evin inşası başa çatıb. Hər ev üçün 12 sot həyətyanı torpaq sahəsi ayrılır, lazımi kommunikasiya xətləri (işıq, su, qaz) çəkilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: