Rusiyanın Ural Gömrük İdarəsinin rəisi Azərbaycana gəlib
22 Avqust 2011 Bazar Ertəsi 14:48
Rusiyanın Ural Gömrük İdarəsinin rəisi Azərbaycana gəlib


Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Rusiyanın Gömrük Xidməti Ural Gömrük İdarəsinin rəisi Vladimir Sorokinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Artıq səfərin ilk günündə qonaqlar Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyi ilə görüş keçirib.

DGK-dən «APA-Economics»ə verilən məlumata görə, Komitə sədri Aydın Əliyev görüşdə sonra iki ölkə arasında mövcud əlaqələrdən danışıb, Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedevin qarşılıqlı səfərləri, keçirdikləri görüşlər, eləcə də bu səfərlər zamanı imzalanan sənədləri strateji tərəfdaşlıq müstəvisinə söykənən Azərbaycan-Rusiya münasibətlərinin inkişafına dəyərli töhfə kimi qiymətləndirib.

Gələn il 20 yaşını qeyd edəcək müstəqil Azərbaycan Gömrük Xidmətinin keçdiyi inkişaf yoluna toxunun A.Əliyev hələ qədim İpək Yolu dövründə ölkəmizdə gömrük sisteminin mövcud olduğunu qeyd edib. Bu gün Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşdırıldığını diqqətə çatdıran Komitə sədri vurğulayıb ki, prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı»na əsasən, gömrük sisteminin inkişafı daha da sürətləndirilib, onun normativ hüquqi və maddi-texniki təminatı yaxşılaşdırılıb, fəaliyyəti təkmilləşdirilib. Məhz bu proqrama uyğun olaraq dövlət başçısının iştirakı ilə kompleks tikinti-quraşdırma işləri aparılmış Biləsuvar, Astara, «Mazımçay», «Samur» və «Sınıq Körpü» sərhəd-keçid məntəqələrinin açılış mərasimləri keçirilib, beynəlxalq standartlara cavab verən bu məntəqələr ən müasir texniki nəzarət vasitələri ilə təmin edilib.

Qanunvericilik bazasının möhkəmləndirilməsinə daima xüsusi önəm verildiyini vurğulayan A.Əliyev DGK-də Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən «Azərbaycan Gömrük Xidmətinin təkmilləşdirilməsi» layihəsi çərçivəsində yeni Gömrük Məcəlləsinin layihəsinin hazırlandığını və sənədin bu ilin fevralında Milli Məclisin müzakirəsinə təqdim olunduğunu diqqətə çatdırıb, ardıcıl müzakirələrdən sonra parlamentin iclasında bu sənədin qəbul edildiyini bildirib.

Eyni zamanda, ölkə prezidentinin müvafiq fərmanına əsasən, dövlət sərhədinin buraxılış məntəqələrində malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipi tətbiq edilir. Komitənin yeni internet səhifəsi yaradılıb, gömrük işi və gömrük qanunvericiliyi ilə bağlı cəmiyyətdə ümumi biliklərin dərinləşdirilməsi, DGK-nin informasiya resurslarından daha səmərəli istifadə olunması, gömrük orqanları və biznes strukturları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, əhali və sahibkarların maraqlarının daha asan və operativ təmin olunması kimi vəzifələri reallaşdırmaq məqsədi daşıyan bir çox yeniliklər yeni saytda əksini tapıb.

İki ölkənin gömrük orqanları arasında əməkdaşlığı müsbət qiymətləndirən Komitə sədri əlaqələrin daha da intensivləşdirilməsi üçün təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib, təhsil sahəsində qarşılıqlı fəaliyyətin vacibliyinə toxunub, azərbaycanlı mütəxəssislərin Rusiya Gömrük Akademiyasında müntəzəm olaraq təhsil almalarından danışıb.

Ural Gömrük İdarəsinin rəisi V.Sorokin isə öz növbəsində Rusiyanın strateji tərəfdaş olaraq Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib. İki ölkələ arasında gömrük əməkdaşlığının inkişaf tempindən məmnunluqla danışan qonaq bütün sahələrdə, o cümlədən gömrük müstəvisində münasibətlərin daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb, qarşılıqlı səfərlərin, təcrübə mübadiləsinin mövcud əməkdaşlığa yeni impuls verdiyini diqqətə çatdırıb.

Sonra qonaqlar DGK-nin Əməliyyat Mərkəzinə baxış keçiriblər. Bu obyektin əsas vəzifəsi ölkənin gömrük-buraxılış məntəqələrində, eləcə də daxili gömrük orqanlarında, hava limanında və dəmir yolunda həyata keçirilən gömrük proseduralarını vahid mərkəzdən müşahidə etməkdir. Həmçinin, Rusiya nümayəndə heyəti həmin gün DGK-nin Mərkəzi Hospitalında, Kinoloji Mərkəzdə, Ümumdünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzində və «Azərterminalkompleks» Təsərrüfat Hesablı Xarici İqtisadi Birliyin inzibati binasında olublar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar