Rövnəq Abdullayev penalti vurdu
20 May 2011 Cümə 00:33
Millinin baş məşqçisi Berti Foqts və təhsil nazirinin müavini də özlərini sınayıblar
“Vətən” Futbol Məktəbinin AFFA və Təhsil Nazirliyi tərəfindən birgə inşa olunmuş yeni idman bazasının açılış mərasimi keçirilib. ANS PRESS-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə AFFA prezidenti Rövnəq Abdullayev, təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, AFFA İcraiyyə Komitəsinin üzvləri Ələkbər Məmmədov, İskəndər Cavadov, Elmar Qasımov, Mirkamil Rəhimov, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts və digər şəxslər iştirak ediblər.

Tədbiri təhsil nazirinin müavini, AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Qasımov açaraq, iştirakçıları salamlayıb və yeni idman bazası barədə ətraflı məlumat verib.

Təhsil naziri Misir Mərdanov çıxışında bildirib ki, bu idman bazasının istifadəyə verilməsi uşaq futbolunun inkişafı naminə AFFA və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın müddəalarının yerinə yetirilməsi istiqamətində atılmış növbəti addımlardan biridir.

Sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev çıxış edib: “Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın müddəalarına uyğun olaraq bir çox işlər görülür. Futbolun kompleks şəkildə inkişafı məqsədilə AFFA tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Uşaq futbolunun inkişafı məqsədilə AFFA-nın U-13, U-14, U-15, U-17, həmçinin U-16 qızlar Liqası təşkil olunub. AFFA və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı, Sumqayıt və Qəbələ şəhərlərində “Məktəbli kuboku” turniri keçirilir”.

Rövnəq Abdullayev bildirib ki, bu bazada gələcəyin futbolçularının yetişəcəyinə inanır: “Bu gün açılış mərasimi keçirilən idman bazasının inşa olunması AFFA ilə Təhsil Nazirliyi arasında futbolun inkişafı məqsədilə həyata keçirilən layihələrdən biridir. Uşaqların müasir tələblər səviyyəsində futbolla məşğul olması üçün bu bazada hər cür şərait yaradılıb. Ümid edir və inanıram ki, burada təhsil alan uşaqlar arasından gələcəkdə müxtəlif tanınmış klubların, həmçinin milli komandamızın heyətində çıxış edən futbolçular yetişəcək. Burada çalışan müəllim-məşqçi heyətinə və idmanla məşğul olan uşaqlara uğurlar arzulayıram”.

Gənclər və idman naziri Azad Rəhimov respublikamızın bütün bölgələrində müasir tələblərə cavab verən səviyyədə idman qurğularının inşasını və “Vətən” Futbol Məktəbinin yeni idman bazasının istifadəyə verilməsini təqdirəlayiq hal kimi qiymətləndirib, ölkə idmanının inkişafına belə bir töhfə verdiyinə görə AFFA və Təhsil Nazirliyinə minnətdarlıq edib.

Çıxışlar başa çatdıqdan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev, veteran futbolçu, AFFA İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts və təhsil nazirinin müavini, İcraiyyə Komitəsinin üzvü Elmar Qasımov yeni idman bazasının meydançasında penalti zərbəsi vurublar.

Sonra idman bazasına baxış keçirilib. AFFA-nın prezidenti Rövnəq Abdullayev, təhsil naziri Misir Mərdanov və gənclər və idman naziri Azad Rəhimov “Qonaqlar kitabı”na ürək sözlərini yazıblar.

Qeyd edək ki, “Vətən” Futbol Məktəbinin yeni bazasında eyni vaxtda 22 nəfər qala bilər. Bazada inşa olunmuş 90x50 m. ölçülərinə malik stadionun azarkeş tutumu 500 nəfərdir. Burada 6 paltardəyişmə otağı, qazanxana, trenajor zalı və sauna inşa olunub. Uşaqların valideynləri üçün ayrıca kafe-çayxananın fəaliyyət göstərdiyi bazada xüsusi mühafizə sistemi də quraşdırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar