Restoranlarda yeni il qeyd ediləcək?
18 Dekabr 2009 Cümə 14:40
Restoranlarda yeni il qeyd ediləcək? Bakı Şəhər İcra Hakimiyyəti tədbirlər planınını hələ hazırlamayıb.
Bu gün müsəlman aləmində Məhərrəmlik ayı başlanır. Dekabrın 27-si isə müsəlman ümmətinin qırıldığı Aşura günü qeyd olunacaq. Bu səbəbdən də dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il şənliklərinin şəhərdə təntənəli şəkildə təşkil olunub-olunmayacağı sual doğurur.

Müşahidələrimizə görə, artıq şəhərin müəyyən yerlərində yeni ilin əsas atributu hesab olunan yolkalar quraşdırılır. Azadlıq meydanında isə digərlərindən öz möhtəşəmliyi ilə fərqlənən, Bakının simvolunu əks etdirən yolka qurğusu düzəldilir. Bu möhtəşəm yeni il maketində Bakı Şəhər İcra Hakimiyyətinin və Qoşa Qala qapıları tərəfindən İçərişəhərin görüşünü əks olunacaq.

Xatırladaq ki, ötən il Azadlıq meydanında yeni il və dünya azərbaycanlılarının həmrəylik günü ilə bağlı möhtəşəm konsert proqramı planlaşdırılırdı. Burada 300 kvadratmetrlik sahəni əhatə edən lazer ekran və 250 kvadmetrlik buz meydançası quraşdırılırdı. Amma sonradan Məhərrəmlik ayı başladığından bu tədbirlər təxirə salındı. Həmin ərəfədə isə buz meydançanın tikintisi üçün hətta xaricdən mütəxəssislər dəvət olunmuşdu və işlər qızğın surətdə həyata keçirilirdi. Təbii ki, bu işlərə xeyli vəsait də xərclənirdi.

Bu il də Yeni il bayramı ərəfəsində Məhərrəmlik ayı başladı. Bu səbəbdən bu və digər əyləncə proqramlarının təxirə salınıb salınmamasını öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Hazırda Azadlıq meydanında möhtəşəm dekorasiya qurulsa da, şəhərin bir sıra yerlərində bayrama hazırlıqlar aparılsa da, icra hakimiyyətindən verilən verilən məlumata görə, yeni illə bağlı tədbirlər planı hələ hazır deyil.

Yeni illə bağlı İçərişəhər tarixi-memarlıq qoruğunda da hazırlıqlar görülür. İçərişəhər bayram atributları ilə bəzədilməklə yanaşı, burada bayram tədbirləri də planlaşdırılır. Amma idarədən verilən məlumata görə, Məhərrəmlik ayı olduğundan musiqinin səsi bir o qədər də yüksəldilməyəcək.

Milli Parkda da yeni ilə hazırlıq işlərinə start verilib. Parkın ərazisində uzunluğu 40, eni isə 25 metr olan buz meydançası quraşdırılır. Avadanlıqları Hollandiyadan gətirilən bu meydança qışda buz meydançası, digər mövsümlərdə isə skeyt üçün istifadə olunacaq. Bu il bulvar ərazisində Rusiyadan gətirilmiş 8 yolkanın qurulması nəzərdə tutulur.

Onu da qeyd edək ki, paytaxtda fəaliyyət göstərən iaşə xidməti obyektlərinin də əksəriyyəti Məhərrəmlik ayının başlaması ilə əlaqədar bir ay fəaliyyət göstərməyəcək. Çəkiliş aparılan şadlıq evləri və kafelərin sahibləri bu ay boyunca daxil olacaq bütün sifarişlərdən imtina edəcəklərini bildirilib.

Əlavə edək ki, Yeni il bayramı Məhərrəmlik ayına təsadüf etdiyindən din xadimləri bu ərəfədə musiqi və əyləncənin ifrat dərəcədə olmamasını məsləhət görür. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar