Rəsmi İrəvan hərb variantının Ermənistanın məğlubiyyəti ilə nəticələnəcəyini yaxşı bilir
20 İyun 2012 Çərşənbə 00:53
Fərhad Məmmədov: “Azərbaycan postkonflikt dövründə də regionun lider dövləti olaraq qalacaqdır”.
Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədovun AzərTAc-a müsahibəsi.
- Son dövrlərdə təmas xəttində Ermənistan silahlı qüvvələrinin fəallaşması, atəşkəsin pozulmasına yönəldilmiş təxribatların daha intensiv xarakter alması, rəsmi İrəvanın sülh danışıqlarından yayınması hansı daxili və xarici amillərlə bağlıdır?
- Bu gün Ermənistan Respublikası sosial, siyasi, iqtisadi, hətta demoqrafik problemlərin əhatəsindədir. Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması faktı bu ölkədə vəziyyətin daha da gərginləşməsi, ətraf aləmdən, regionda gedən müsbət dəyişikliklərdən, qlobal iqtisadi layihələrdən tamamilə təcrid olunması ilə nəticələnmişdir. Artıq donor dövlətlər və beynəlxalq təşkilatlar da Ermənistana hər hansı bir formada iqtisadi və maliyyə yardımlarının burada vəziyyəti yaxşılaşdıracağına, borc və kreditlərin nə vaxtsa geri qaytarılacağına şübhə ilə yanaşmaqdadırlar. İqtisadçıların proqnozlarına görə, işğalçı dövlətin xarici borclarının ümumi məbləği bu il ən yüksək həddə - 4,2 milyard ABŞ dolları həcminə çatacaq. Bu rəqəm isə ölkənin büdcə xərclərindən təqribən iki dəfə çoxdur. Ermənistanın Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, 2012-ci ildə büdcə kəsiri 350 milyon ABŞ dolları təşkil edəcəkdir. Rəsmi Yerevan isə donorların qapısını döyərək onların “xeyriyyəçi”liyinə, mərhəmət göstərib Ermənistanın dövlət borclarını siləcəklərinə ümid bəsləməkdədir.
Əlbəttə, yaranmış siyasi-iqtisadi və sosial vəziyyət əhali arasında gərginliyin şiddətlənib sosial partlayış həddinə çatmasına, hakimiyyətin yürütdüyü yarıtmaz siyasətə qarşı etirazların kütləvi xarakter almasına səbəb olub. Rəsmi statistik məlumatlar Ermənistan sakinlərində miqrasiya meyillərinin getdikcə artdığını və hər il təqribən 60 min nəfərin xarici ölkələrdə məskunlaşdığını bildirir. Halbuki yalnız 2012-ci ilin ilk dörd ayı ərzində 67 min 273 nəfər sosial-iqtisadi səbəblər üzündən ölkəni tərk edib. Hakimiyyətə yaxın sosioloqlar bu faktı “ermənilərin genetik olaraq, yeni əraziləri fəth etmək meyilləri” kimi yozmağa çalışsalar da, Ermənistan Milli Elmlər Akademiyasının mütəxəssisləri tamamilə fərqli fikirdədirlər. Məsələn, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun araşdırmalarında deyilir ki, indiyədək ölkə vətəndaşlarının təqribən yarısı - iki milyon nəfər xarici ölkələrə mühacirət etmək məcburiyyətində qalıb. Sosioloji sorğular isə hazırda Ermənistanda yaşayan əhalinin 40 faizinin də potensial miqrant olduğunu müəyyənləşdirib. Həmin şəxslərin 93 faizi xarici ölkələrdə məskunlaşmaq niyyətlərini Ermənistandakı dözülməz sosial-iqtisadi şərait, işsizlik problemi, ölkənin gələcəyinə inamsızlıq və mövcud hakimiyyətə etimadsızlıqla əlaqələndirib.
Beləliklə, son dövrlərdə işğalçı Ermənistan Respublikasının döyüş bölgələrində fəallaşmasının, atəşkəs rejimini pozmasının və qoşunların təmas xəttində insan itkisi ilə nəticələnən təxribatlar törətməsinin arxasında rəsmi İrəvanın ictimai fikri ölkənin sosial-iqtisadi problemlərdən, hakimiyyət böhranından yayındırmaq, iqtisadi fəlakətdən xilas olmaq məqsədilə xaricdən ianələr toplamaq cəhdlərinin dayandığı şübhəsizdir. Bu təxribatlar isə atəşkəs rejiminin nisbi xarakter daşıdığını, işğalçı tərəfin sülh danışıqlarından məqsədli şəkildə yayındığını, mövcud status-kvonun bundan sonra da dəyişilməz qala bilməyəcəyini getdikcə daha aydın sübuta yetirməkdədir. Lakin ATƏT-in Minsk qrupunun həmsədrləri bir tərəfdən status-kvonun dəyişdirilməsini zəruri hesab etsələr də, digər tərəfdən bu istiqamətdə hələ də təsirli tədbirlər görmürlər.
Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının siyasi, iqtisadi və hərbi potensialı, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin məzmunu, eləcə də beynəlxalq normalardan irəli gələn tələblər Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərimizin geri qaytarılması, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası istiqamətində ən müxtəlif, hətta radikal variantların tətbiqi üçün geniş imkanlar açır. Bununla belə, Azərbaycan malik olduğu hərbi və hüquqi üstünlüklərə baxmayaraq, münaqişənin sülh yolu ilə nizamlanmasına doğru real səylər göstərdiyini dəfələrlə bəyan edib. Rəsmi İrəvan isə hərb variantının - genişmiqyaslı döyüş əməliyyatlarının başlanmasını Ermənistanın labüd məğlubiyyəti və dövlətçiliyi üçün böyük fəlakətlə nəticələnəcəyini yaxşı dərk etməkdədir. Odur ki, bütün siyasi imkanlarını, məhdud hərbi gücünü mövcud status-kvonun saxlanılmasına, münaqişənin konservasiyasına yönəltməyə çalışır. Digər tərəfdən, münaqişənin nizamlanmasından sonra - postkonflikt dövründə də Azərbaycan Respublikasının Cənubi Qafqaz regionunun lider dövləti olaraq qalacağını yaxşı anlayır. Nəticədə, Azərbaycanın qonşu region dövlətləri, xüsusilə İran və Rusiya ilə münasibətlərinin pozulmasına, qarşılıqlı etimadsızlığın yaradılmasına istiqamətlənmiş əbəs cəhdləri məhz bu amildən qaynaqlanır.
- Strateji Araşdırmalar Mərkəzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı tədqiqat işləri aparılır?
- Strateji Araşdırmalar Mərkəzinin tədqiqat istiqamətləri genişdir. Aparılan araşdırmalar Azərbaycan Respublikasının daxili və xarici siyasəti, iqtisadiyyatı, milli maraqlarının təminatı ilə bağlı məsələləri, təhlükəsizlik problemlərini və s. əhatə edir. Lakin Azərbaycanın üzləşdiyi ən ağır problemin - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mümkün həll variantlarının öyrənilməsi, müvafiq təhlili materialların, proqnoz və tövsiyələrin hazırlanması digər əlaqədar dövlət qurumları və elmi təşkilatlarla yanaşı, mərkəzin də prioritet mövzularından biri olaraq qalmaqdadır. Eyni zamanda, xarici ölkələrdəki tərəfdaşlarımız - müvafiq beyin mərkəzlərinin mütəxəssisləri ilə birlikdə oxşar etnoərazi problemləri ilə üzləşmiş dövlətlərdə münaqişələrin nizamlanması təcrübəsini, onların Azərbaycan reallıqlarına uyğunlaşdırılması yollarını araşdırır, birgə elmi konfranslar, müzakirələr keçirir, elmi nəşrlər hazırlayır, beynəlxalq tədbirlərdə fəal iştirak edirik.
Ermənistanın işğal olunmuş ərazilərdən birmənalı olaraq geri çəkilməsindən, Dağlıq Qarabağın Azərbaycan Respublikası ərazisi tərkibində muxtariyyəti statusu ilə razılaşmasından başqa alternativ yolu yoxdur. Qeyd etmək istərdim ki, tədqiqatlarımız təkcə münaqişənin nizamlanmasına dair aktual məsələləri deyil, həm də perspektivli, postkonflikt dövründə - Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasından sonra Dağlıq Qarabağın muxtariyyəti statusunun optimal variantlarını da əhatə edir. Ekspert və təhlilçilərimizin digər əhəmiyyətli tədqiqat sahəsi münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllindən, sülhün bərqərar olunmasından sonra Dağlıq Qarabağın azərbaycanlı və erməni sakinləri arasında qarşılıqlı etimadın yaranmasına, ortaq birgəyaşayış prinsiplərinin müəyyən edilməsinə, onların etnomədəni hüquqlarının, milli mədəniyyətlərinin qorunması və inkişaf etdirilməsinə, fiziki təhlükəsizliyinin təminatına, erməni əsilli vətəndaşlarımızın Azərbaycanın sosial, hüquqi, mədəni və iqtisadi məkanına inteqrasiyasına dair kompleks təkliflər paketini hazırlamaqdır.
- Dağlıq Qarabağın gələcək muxtariyyət statusu aktuallaşdıqca, bu məsələ həm Azərbaycanda və Ermənistanda, həm də münaqişənin həllində maraqlı olan beynəlxalq təşkilatlarda ciddi müzakirələrə səbəb olan mövzuya çevrilir.
- Münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həlli birmənalıdır və bu təkcə dövlətimizin, o cümlədən işğal altında olan Dağlıq Qarabağın azərbaycanlı və erməni əsilli sakinlərinin də maraqlarına, beynəlxalq hüquq normalarına və beynəlxalq təcrübəyə tam cavab verir. Əslinə qalsa, rəsmi Bakı hələ ötən əsrin 90-cı illərindən etibarən dəfələrlə Ermənistana və münaqişənin danışıqlar yolu ilə nizamlanmasında maraqlı olan beynəlxalq təşkilatlara Dağlıq Qarabağın Azərbaycan Respublikası tərkibində ən yüksək muxtariyyət statusuna dair təkliflər verib. Lakin rəsmi İrəanın guya həmin təkliflərdə “erməni icmasının mənafelərinin dolğun əhatə olunmadığını” bəhanə gətirməsi əslinə qalsa, siyasi riyakarlığın, Dağlıq Qarabağın erməni əsilli sakinlərinin maraqlarının nəzərə alınmamasının göstəricisidir.
- Strateji Araşdırmalar Mərkəzində öyrənilən variantlar münaqişə tərəflərinin maraqlarına və beynəlxalq hüquq normalarına nə dərəcədə cavab verir?
- Təbii ki, dünya təcrübəsində etnoərazi qarşıdurmalarının sülh yolu ilə nizamlanması məqsədilə istifadə olunmuş muxtariyyət variantlarının hər birinin fərqli və spesifik xüsusiyyətləri, üstün və məqbul olmayan cəhətləri vardır. Bu baxımdan, onlara “etalon” model qismində yanaşılmamalı, siyasi, hüquqi, sosial, etnomədəni müstəvidə diqqətlə öyrənilməli, yerli şəraitə, milli qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğunlaşdırılmalıdır.
Strateji Araşdırmalar Mərkəzində həmin modellərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstində tətbiqi imkanlarının müəyyənləşdirilməsi istiqamətində tədqiqat işləri davam etdirilməkdədir. Tərəflərin, xüsusilə Dağlıq Qarabağın Azərbaycan və erməni icmalarının təklif olunan muxtariyyət statusu barədə ortaq qənaətə gəlmələri üçün razılaşmada hər iki millətin nümayəndələrinin etnomədəni identikliyi, Azərbaycan Respublikası Konstitusiyasının tələbləri çərçivəsində yerli qanunvericilik və idarəetmə orqanlarının fəaliyyəti, onların səlahiyyət dərəcələri və digər mühüm aspektlər ciddi şəkildə nəzərə alınmalıdır. Qısaca olaraq, buraya Dağlıq Qarabağda iqtisadiyyat, maliyyə, təhsil, səhiyyə, humanitar əlaqələrə dair siyasətin müstəqillik dərəcəsinə, sosial-iqtisadi sahələrin yerli qanunvericilik səviyyəsində tənzimlənməsinə, ana dilinin işlənməsinə, milli mədəniyyət və incəsənətin qorunmasına və inkişafına, ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin qorunmasına, onların hüquq və azadlıqlarının, o cümlədən vətəndaşların seçki hüququnun təminatına və s. məsələlər daxildir. Xüsusi diqqət yetirilməsi vacib olan məqamlardan biri Dağlıq Qarabağ muxtariyyətinin özünüidarəetmə orqanlarının Azərbaycan Respublikasının hakimiyyət orqanları ilə qarşılıqlı fəaliyyətinin hüquqi baxımdan tənzimlənməsidir. Hazırda Azərbaycanın mütəxəssisləri bu istiqamətdə də layihələr üzərində işləyirlər.
Yeri gəlmişkən, bu il aprelin 2-də Strateji Araşdırmalar Mərkəzində “Müasir dünyada münaqişə, həll və barışıq məsələləri” mövzusunda xarici ekspertlərlə görüş keçirilib. Tədbir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstində Aland adaları muxtariyyəti modelinin müzakirəsinə həsr olunmuşdur. SAM-ın və Helsinki Universitetinin Aleksanteri İnstitutunun birgə təşkil etdikləri görüşdə Finlandiya və ABŞ-dan gəlmiş ekspertlərlə yanaşı, Azərbaycanın rəsmi qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri, Milli Məclisin deputatları da iştirak ediblər. Finlandiya parlamentinin deputatı, Aland muxtariyyətinin təmsilçisi xanım Elizabet Nokler, Aland adalarındakı Sülh İnstitutunun Direktorlar Şurasının sədri Barbro Sandbak, Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq nümayəndəsi səfir Heyke Talvitiye və başqalarının da iştirak etdikləri müzakirələr zamanı etnoərazi iddiaları zəminində baş vermiş iki müxtəlif münaqişənin - 1917-1921-ci illərdə Aland adalarının statusu ilə əlaqədar Finlandiya və İsveç arasında yaranmış qarşıdurmanın və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nümunəsində optimal muxtariyyət modelinin xarakterik xüsusiyyətlərinə, sülhün əldə olunmasına təsir edə biləcək amillərə dair səmərəli fikir mübadiləsi olub. Bundan başqa, ötən il Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayevanın rəhbərliyi ilə SAM-ın nümayəndə heyəti İtaliyada, Cənubi Tirol Muxtar Vilayətində olmuş, bu regionun hakimiyyət təmsilçiləri, Trento Universitetinin, İtaliya Beynəlxalq Münasibətlər İnstitutunun, Federalizm və Regionalizm üzrə Tədqiqatlar İnstitutunun, Alexaner Lanqer Fondunun alim və mütəxəssisləri ilə görüşmüşlər. Müzakirələr zamanı Cənubi Tirol Muxtar Vilayəti modelinin xarakterik xüsusiyyətləri və onun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tətbiqi imkanları öyrənilib.
- Aland adaları və Cənubi Tirol muxtariyyət modellərinin xarakterik xüsusiyyətləri barədə nə deyə bilərsiniz?
- Təqribən 8 min adadan ibarət olan Aland muxtariyyəti Finlandiyanın ərazisində yerləşir. Onun əhalisinin əksəriyyəti isveçlərdir. Bu adalar XIX əsrin əvvəllərinədək İsveç krallığının, 1917-ci ilədək isə çar Rusiyasının tərkibində olmuşdur. Rusiya imperiyasının süqutundan sonra adadakı isveçlər arasında separatçılıq əhval-ruhiyyəsi baş qaldırmış və onlar İsveç krallığına birləşmək barədə siyasi mübarizəyə başlayıblar. Bu isə Finlandiya və İsveç arasında siyasi qarşıdurmaya səbəb olmuşdur. Nəticədə, 1921-ci ildə Millətlər Liqası Aland adalarının Finlandiya ərazisi olduğunu təsdiqləmiş, bununla belə, ada sakinlərinə dil, adət və ənənələrinin, mədəniyyətlərinin qorunmasına dair onlara muxtariyyət statusu verilməsi barədə Finlandiya qarşısında məsələ qaldırıb. Hazırda Aland muxtariyyətinin büdcə, daxili siyasət məsələlərini tənzimləyən, hakimiyyət qurumlarını müəyyənləşdirən seçkili orqanı - yerli parlamenti var. Muxtariyyət səhiyyə, təhsil, iqtisadiyyat, təsərrüfat, rabitə, ictimai asayişin qorunması və digər sahələr üzrə müstəqil siyasət yürüdə bilir. Ölkə sakinləri ikili vətəndaşlıq hüququna malikdirlər, muxtariyyətin qubernatoru Finlandiya Prezidenti tərəfindən təyin olunur və s.
Cənubi Tirol muxtariyyəti isə nisbətən fərqli xüsusiyyətlərə malikdir. Tirol coğrafi ərazi kimi iki yerə bölünüb. Onun bir hissəsi Avstriyada, digəri isə İtaliyada yerləşir. 1919-cu il Sen-Jermen Sülh müqaviləsinə əsəsən, Cənubi Tirol Avstriyadan alınaraq İtaliyaya qatılıb. Bu aksiya uzun müddət hər iki dövlət arasında münasibətlərdə problemlərə səbəb olub. Bununla belə, 1948-ci ildə Cənubi Tirol bölgəsinə muxtariyyət statusu verilib, 1969-cu ildə isə İtaliya və Avstriya arasında yaranmış ziddiyyətlərin aradan qaldırılması məqsədilə, həmin muxtariyyətə dair sənəd qəbul olunub. 1992-ci ildə isə Avstriya rəsmi şəkildə İtaliyaya ərazi iddialarından əl çəkdiyini bəyan etmişdir. Cənubi Tirol qanunvericilik hakimiyyətinə və geniş idarəetmə hüquqlarına malikdir. Lakin xarici siyasət və müdafiə məsələləri bilavasitə mərkəzin - İtaliya hökumətinin səlahiyyətindədir. Status anlaşmasına görə, Cənubi Tirolda qəbul olunan hər hansı qanun İtaliya qanunu ilə ziddiyyət təşkil etməməlidir. İnkişaf etmiş kənd təsərrüfatına və geniş turizm imkanlarına malik olan Cənubi Tirolun əldə etdiyi gəlirin 10 faizi İtaliya büdcəsinə verilir. Yerdə qalan vəsait isə yerli hakimiyyətin sərəncamındadır. Burada italyan və almandilli sakinlərin mədəni hüquqları qanun çərçivəsində qorunur və inkişaf etdirilir.
Bununla belə, Finlandiya və İsveç, İtaliya və Avstriya arasında yaranmış etnoərazi münaqişələrinin hər biri spesifik xüsusiyyətlərə, fərqli tarixi-coğrafi xarakterlərə malikdir. Avropada baş vermiş etnosiyasi qarşıdurmaların həllində istifadə olunan istənilən muxtariyyət modeli təbii ki, olduğu kimi Azərbaycan şəraitinə tətbiq oluna bilməz. Bu variantlar etnoərazi qarşıdurmalarınn aradan qaldırılmasında əsasən beynəlxalq təcrübə nümunəsi, hüquqi baza modeli funksiyasını daşıya bilər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün məqbul sayılan variant təkmilləşdirilməli, yerli şəraitə və milli qanunvericiliyin tələblərinə uyğunlaşdırılmalıdır.
DOSTLARINLA PAYLAŞ: