Rəsmi Bakı Fransa xarici siyasət idarəsinin bəyanatını alqışlayır
25 Avqust 2011 Cümə Axşamı 11:10
“Fransız deputatlar Fransadakı erməni lobbisinin nümayəndələrinin əlində bir alətə çevriliblər”
Azərbaycan Xarici İşlər Nazirliyi Fransa xarici siyasət idarəsinin mətbuat katibi Bernar Valeronun bəyanatını alqışlayır. Bəyanatda göstərilib ki, Fransa Milli Məclisinin deputatlarının Dağlıq Qarabağa səfəri rəsmi Parisin mövqeyini dəyişmir və onun üzərinə heç bir öhdəlik qoymur.
Azərbaycan XİN-in mətbuat xidməti bildirib: “Təəssüf doğuran fakt odur ki, fransız deputatlar tamahkar maraqlara uyaraq Fransadakı erməni lobbisinin nümayəndələrinin əlində bir alətə çevriliblər”.
Xatırladaq ki, avqustun 23-dəki mətbuat saatında Fransa xarici işlər və Avropa məsələləri Nazirliyinin sözçüsünə fransalı deputatların Dağlıq Qarabağa bir neçə gün öncə getməsi ilə bağlı sual verilib.
Bununla əlaqədar o, aşağıdakı bəyanatı verib:
"Dağlıq Qarabağa münasibətdə bizim mövqeyimiz parlamentarilərə lazımi şəkildə bildirilmişdi. Bu səfər nəticə etibarı ilə Fransanın bu münaqişədə siyasətinə heç bir öhdəlik vermir və nə də onun siyasətini dəyişmir.
Fransa, beynəlxalq birliyin bütün ölkələri kimi, o cümlədən Ermənistanın özü də, bu ərazinin müstəqilliyini tanımır.
Bu ərazinin beynəlxalq hüquqi statusu, yalnız sülh yolu ilə, ədalətli şəkildə və bütün aidiyyatlı tərəflər arasında razılaşdırılmış həll çərçivəsində müəyyən edilə bilər. Fransa, Birləşmiş Ştatlar və Rusiya ilə birlikdə ATƏTin Minsk Qrupuna həmsədrlik edir. Buna əsasən ona, sonuncu Helsinki Aktının prinsipləri əsasında və fransa, amerika və rusiya prezidentləri tərəfindən dəfələrlə, o cümlədən Böyük Səkkizlərin 2009-cu il Akila və 2010-cu il Muskoka zirvə görüşləri zamanı, irəli sürülmüş təkliflərə uyğun olaraq kompromis tapılmasına kömək etmək öhdəliyi verilib".
DOSTLARINLA PAYLAŞ: