Reket jurnalistikaya qarşı mübarizə gücləndirilir
29 Oktyabr 2013 Çərşənbə Axşamı 22:35
MŞ-nin «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının iclası keçirilib.
Azərbaycan Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının iclası keçirilib.

ANS PRESS-in məlumatına görə, toplantını giriş sözü ilə açan komissiyanın sədri, MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, iclasın müzakirəsinə 15 müraciətin təqdim olunduğunu bildirib. Onun sözlərinə görə, bunlardan birini Şuranın Şikayətlər üzrə Komissiyası, digərləri isə MŞ Katibliyi tərəfindən təqdim olunub.

V.Rəhimzadə, Şikayətlər üzrə Komissiyanın 15 avqust 2013-cü il tarixli iclasında Azərbaycan Iqtisad Dövlət Universitetinin müraciəti əsasında «Elin sözü» qəzeti barədə rəy qəbul olunduğunu diqqətə çatdırıb. Həmin rəydə MŞ İdarə Heyətinin daha dolğun qərar qəbul etməsi üçün mənsub olduqları komissiyanın da təqdimatının zəruriliyinin əsaslandırıldığını vurğulayıb.

Komissiya sədri bildirib ki, «Elin sözü» qəzetinin təsisçisi və baş redaktoru Minadi Mikayılovun adı çəkilən təhsil ocağının rəhbərliyinə və kollektivinə münasibətdə tutduğu mövqe həqiqətən də peşə prinsiplərinə ziddir. Belə ki «Elin sözü» qəzetinin 6-12 aprel 2013-cü il tarixli sayında «Azərbaycan Dövlət İqtisadi Universiteti təhsilin inkişaf yolunda nümunədir» sərlövhəli müsbət səciyyəli yazı versə də, sonrakı yeddi sayda universitetdən narazı şəxsin bir-birinə bənzər 18 müraciəti təqdim olunub. Qəzet rəhbərliyi bununla da münaqişənin tərəfdaşı qismində çıxış edib. Nəzərə alsaq ki, M.Mikayılovun özü də vaxtilə həmin universitetdən uzaqlaşdırılıb, nəticədə o, vəzifəsindən sui-istifadəyə yol verib. «Elin sözü» rəyin qəbulundan sonra da eyni fəaliyyətə üstünlük verib. Komissiya üzvləri qəzetin dəst-xəttə «reket jurnalistika»ya xas cəhətlərin qabarıq göründüyünü nəzərə alaraq mətbu nəşrin adının MŞ-nin «qara siyahı»sına salınmasını məqbul sayıb.

Sonra «Korrupsiya və qanun» qəzetilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, qəzetin fəaliyyəti ikinci dəfədir ki, komissiyada araşdırılır. 30 oktyabr 2012-ci il tarixli iclasda nəşrin baş redaktoru Xuraman Quliyevanın səmimi etirafı nəzərə alınaraq nəşrə MŞ-nin xəbərdarlığının olunması ilə məhdudlaşılması zəruri bilinmişdi. Şuranın İdarə Heyətinin 8 noyabr 2012-ci il tarixli iclası da təklifi məqbul saymışdı. Lakin sonradan Mətbuat Şurasına X.Qasımovanın və əməkdaşlarının peşə səlahiyyətlərindən sui-istifadə etmələri, baş redaktor tərəfindən vəsiqələrin satılması, müxbirlərin yerlərdə təftişçiliklə məşğul olması, müxtəlif yaşlı, vəzifəli insanlara qarşı təhdidlər etməsi barədə MŞ-yə şikayətlər daxil olub. X.Qasımova ilə bu barədə Şuranın Katibliyində də söhbətlər aparılıb. Lakin o, irad və tövsiyələrdən nəticə çıxarmayıb. Buna görə də qəzetin adının MŞ-nin «qara siyahı»sına salınması məqsədəuyğun sayılıb. Komissiya tərəfindən hər iki nəşrlə bağlı MŞ İdarə Heyətinə təqdimatların verilməsi qərara alınıb.

İclasda eyni zamanda bildirilib ki, Mətbuat Şurasına daxil olan bir sıra müraciətlərdə şikayətçilər müxtəlif mətbu orqanların təmsilçiləri tərəfindən şantaja, dələduzluq əməllərinə və qanuna zidd digər hallara məruz qalmaları fikri yer alıb. Komissiya belə qənaətə gəlib ki, bu sayaq hallar sırf hüquqi müstəvidə dəyərləndirilməli olduğundan şikayətçilərə müvafiq orqanlara müraciət etmələri tövsiyə olunmalıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar