Regionlarda 9 ayda nələr olub?
07 Oktyabr 2013 Bazar Ertəsi 21:29
İqtisadi inkişaf naziri bölgələrin iqtisadi və sosial həyatında baş verənləri sadalayıb.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın regionlarında 260 sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb. ANS PRESS-ın məlumatına görə, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev Nazirlər Kabinetində 2013-cü ilin 9 ayının yekunlarına həsr olunmuş müşavirədə bildirib.

Hesabat dövründə 162 yaşayış məntəqəsi qazla təmin edilib, 4 elektrik stansiyası istismara verilib. Əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunması və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması məqsədilə müvafiq işlərə başlanıb, 16 şəhər və rayon mərkəzinə içməli su verilib. “Taxtakörpü su anbarı və Taxtakörpü-Ceyranbatan su kanalı aqrar sektorun inkişafını sürətləndirməklə yanaşı, əhalinin içməli su və enerji ilə təchizatını daha da yaxşılaşdıracaq”, - deyən iqtisadi inkişaf naziri qeyd edib

Onun sözlərinə görə, bu dövrdə 198 məktəb, 35 uşaq bağçası, 19 tibb müəssisəsi, 27 mədəniyyət və 19 gənclər və idman obyekti tikilib və təmir olunub. Hesabat dövründə sement, transformator, elektrik avadanlıqları, boru, kərpic, şüşə qablar, metalkonstruksiya zavodları, seramik plitələr və tekstil parkları, kağız emalı və karton istehsalı, parça boyama fabrikləri istifadəyə verilib. Şahin Mustafayevin fikrincə, bu müəssisələrin fəaliyyəti idxaldan asılılığın əhəmiyyətli dərəcədə azalmasına, daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə, ixrac potensialının artırılmasına imkan verəcəkdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar