Rədd olsun mütləqiyyət
28 May 2009 Cümə Axşamı 16:00
Tarixin ilk türk cumhuriyyəti olan AXC parlament respublikası idi

Böyük öndər Məmmədəmin Rəsulzadə prezident üsul-idarəsindən çox çəkinirmiş. Birinci Respublika üçün hansı idarəetmə mexanizmi seçmək barədə ona variantlar təklif ediləndə, o düşünmədən parlament respublikasını seçmişdi: «Hakimiyyətin bir fərdin və ya bir siyasi qüvvənin əlinə keçməsi mütləqiyyətə apara bilər, onun üçün biz parlamentli respublika qururuq»,- demişdi.

O vaxt milli fikrin lideri olan Rəsulzadənin bu yanaşması cəmi 23 ay - 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-ə kimi yaşamış milli dövlətimizin tarixə məhz Müsəlman Şərqinin ilk respublikası kimi daxil olmasına imkan verdi. Rəsulzadə və silahdaşları həmin dövrdə Qərbdə aktual olan iki üsul-idarə - ABŞ sayağı prezident idarəçiliyi və Böyük Britaniya sayağı baş nazir idarəçiliyi arasında seçim edərək, üstünlüyü ikinciyə verdilər.

Niyə məhz parlamentli respublika

Tarixçi alim Firdövsiyyə Əhmədova bu seçimin o dövrkü Azərbaycanın istiqlalçı maarifçilərinin xarakterindən irəli gəldiyini söyləyir: «Demokratik Respublikanın parlamentinin bir özəlliyi vardı ki, heç bir siyasi lider birincilik uğrunda mübarizə aparmayıb, vəzifəyə layiq olana səs verib. 27 may 1918-ci ildə Məhəmmədəmin Rəsulzadə Batumda ola-ola, özü iclasda iştirak etmədən Azərbaycan Milli Şurasının sədri seçilmişdi, yəni ilk parlament başçımız olmuşdu. Həmçinin Əlimərdan bəy Topçubaşov İstanbulda ola-ola 1918-ci il dekabrın 7-də Bakıda onu parlament sədri seçmişdilər».

Dördlü sistem demokratiyası


Millət vəkili, tarixçi alim Nəsib Nəsiblinin sözələrinə görə, o dövrkü Azərbaycan parlamenti üçün əsas dəyər demokratiya olub: «Parlament dördlü sistem üzrə formalaşımışdı. Yəni orada birincisi birbaşa seçkilər nəticəsində xalqın rəyini almış adamlar yer alırdı. Daha sonra sayları deputat çıxarmağa imkan verməyən etnik azlıqların nümayəndələrinin də parlamentdə yer almasına imkan verilirdi. Həmçinin bütün dini konfessiyaların da nümayəndələri də parlamentdə yer alırdı. Parlamentin sinfi tərkibinin dolğunluğuna da fikir verilirdi. Yəni seçki kampaniyasına imkanı çatmayan fəhlə və kəndlilərin də parlamentdə yer alması təmin edilirdi». Nəsib Nəsibli bu cür yanaşmanın o dövr üçün ən proqressiv ideaya olduğunu vurğulayır: «Parlament üsul-idarəsi ən demokarik üsul-idarə sayılır. Çünki elə olanda hakimiyyətin bir əldə cəmləşməsi mümkün olmur. O dövrdə yeni yaranmış dövlətlər üçün ən böyük dəyər demokratiya idi və ona görə də bu idarəçilik formasını seçirdilər».

Milli imperiyadansa, müstəqil Xalq Cumhuriyyəti…

Məhəmmədəmin Rəsulzadə Azərbaycanın gələcəyini demokratik respublikadan başqa ayrı bir quruluş içində görmək istəmirdi. Çox böyük türkçü olsa da, hətta Urmiya səfəri barədə yazdığı qeydlərində «Urmiyada bir kürd bir erməni ilə türkcə danışır və bir türk olaraq, bu, məni çox sevindirir» kimi cümlələrlə bəzən ultratürkçülyə meyl etsə də, o, Azərbaycanın Osmanlı imperiyası tərəfindən ilhaqının qatı əleyhdarı idi. Halbuki, o vaxt fikir adamlarının çoxu, xüsusilə də varlı burjuaziya bunun tərəfdarı idi. Rəsulzadənin ilhaq ideyasının əleyhinə olmasının əsas səbəblərindən biri də Osmanlının mütləqiyyət üsul-idarəsində olması idi.

Türk Dünyası üçün örnək

Bu, istək Rəsulzadəni və silahdaşlarını İslam Dünyasının və Türk Dünyasının ilk respubliukasının memarı etdi. Və təsadüfi deyil ki, Qazi Mustafa Kamal Atatürk də təslim aktına imza atmış Osmanlı imperiyasının qalıqları üzərində 1923-cü ildə Türkiyə Cumhuriyyəti qurarkən tarixin ilk türk cumhuriyyətinin - Azərbaycanın yolu ilə getdi və parlamentli respublika quruluşuna üstünlük verdi.

Dəyərlər niyə dəyişdirilir?

Amma təəssüf ki, aradan keçən 70 ildə Türk Dünyasında, xüsusilə də Azərbaycanda və Türkiyədə böyük öndərlərin bu ənənəsi unudulmağa başlayıb. 1991-ci ildə Azərbaycan ikinci dəfə müstəqilliyini elan edəndə Ayaz Mütəllibov sakitcə prezident respublikasına keçdi. Sonradan xalq hərəkatı ilə hakimiyyətə gəlmiş Əbülfəz Elçibəy də vəziyyəti dəyişmədi. Sonradan baş vermiş hakimiyyət dəyişmələrində də heç kim Azərbaycanın parlamentli respublikaya çevrilməsi barədə kəlmə belə kəsmədi.

Maraqlıdır ki, Azərbaycanın müxalifət düşərgəsi də parlament respublikası ideyasına meylli görünmür. Məsələn, 2003-cü ildə Müsavat Partiyası öz reytinqinin ən yüksək çağında, perzident seçkiləri kampaniyasında parlament respublikası ideyasından tamamilə uzaq durdu. Bu təkliflə çıxış edən AMİP lideri Etibar Məmmədovla yaxınlaşmadı və amerikansayağı vitse-prezidentliyə razı olan Rəsul Quliyevlə müttəfiqliyə getdi.

Parlament respublikası olan Türkiyədə isə Böyük Millət Məclisinin çoxunu ələ keçirmiş hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərləri keçən il nəyin bahasına olursa, olsun ölkənin üsul-idarəsini dəyişəcəklərini bildirirdilər, parlament respublikası sisteminin hakimiyyətin gücünü azaltdığını deyirdilər. Sonradan təmsilçilərinin prezident seçilməsi onların bu iddialarını nisbətən azaltdı. Amma AKP funksionerləri mütəmadi olaraq, Türkiyədə də ABŞ sayağı prezident üsul-idarəsinin bərqərar edilməsinin vacibliyini vurğulayırlar.

Azərbaycanın hakim partyası YAP-ın təmsilçiləri də parlament respublikasından söz düşəndə dərhal Birləşmiş Ştatları misal gətirirlər: «Dünyanın ən demokratik ölkələrindən biri olan ABŞ-da perzident üsul-idarəsidir. Demək olmaz ki, yalnız parlament üsul-idarəsi demokratiyanı təmin edir. Dünyada çox ölkələr var ki, prezident respublikasıdırlar, hakimiyyət bölgüsü də yerindədir», - deyə YAP-çı millət vəkili Mübariz Qurbanlı bildirir.

Bir kərə yüksələn bayraq bir daha enməz


Göründüyü kimi, Azərbaycan siyasətçiləri düşərgələrindən asılı olmayaraq Amerikanın tək super güc olduğu bir məqamda dövrün dəbinə uyurlar və amerikanlardan daha çox amerikalı olduqlarını sübut etməyə çalışırlar. Yəni dolayısı ilə böyük öndər Məhəmmədəmin Rəsulzadənin üstünlük verdiyi quruluş seçimindən uzaqlaşıblar. Amma bu heç də böyük öndərin çağdaş və demokratik Azərbaycan qurmaq yolundan tam uzaqlaşma sayıla bilməz... Hər halda, Məhəmmədəmin Rəsulzadənin qaldırdığı üç rəngli bayraq hələ də prezident respubikası olan Azərbaycanın parlamentinin üzərində dalğalanır. Və müstəqil Azərbaycan istiqlalını bərpa edəndən sonra dövlət başına gəlmiş dörd prezident o bayrağın önündə diz çökərək, and içib. İkisi bir dəfə və ikisi iki dəfə.

Çingiz RÜSTƏMOV /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar