Ramiz Mehdiyev: "İmtiyazlar istəyənlər həqiqi ədəbiyyatdan uzaq olanlardır
18 Dekabr 2009 Cümə 14:55
PA rəhbəri "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsində yer alan fikirlərinə aydınlıq gətirib
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsində yer alan fikirlərinə aydınlıq gətirib.
"Mənim çıxışımı və məqaləmi ittiham kimi qəbul edənlər ciddi yanılırlar. Əslində həmin çıxışda və məqalədə əsasən ictimai elmlər sahəsində vəziyyət və bəzi problemlər öz əksini tapmışdır.
Məqalədə milli ədəbiyyatımız haqqında da yüksək həssaslıqla fikir söylənib. Lakin nədənsə məqalənin bu hissəsi müəyyən ajiotaj yaradıb. Bədxahların, araqarışdıran intriqabazların və dəyərli yazıçıları addımbaşı qaralayanların əllərinə fürsət düşüb. Onlar çalışırlar ki, ədiblərimizin yaradıcılığı üzərindən qara xətt çəkərək özlərinin çirkin niyyətlərini həyata keçirsinlər. Bu qaragüruhçular hiyləgərliklərini işə salaraq belə bir rəy yaratmağa çalışırlar ki, guya hakimiyyətlə Yazıçılar Birliyi arasında soyuqluq yaranıb və yaşlı yazıçılara münasibət dəyişib.
Düşünürəm ki, bu, çox əbəs işdir. Yaxşı görünür ki, kim millətə xidmət göstərir və kim dağıdıcılıq fəaliyyəti ilə məşğul olur. Mən istər görüşdəki çıxışımda, istərsə də işıq üzü görən məqaləmdə nailiyyətlərimizi hər hansı şəkildə inkar etmək fikrindən uzağam.
Bizim bəzi yazıçılar mənim söylədiklərimə münasibətdə dərhal özlərinə müdafiə mövqeyi tutmağa tələsdilər.
Mən yaxşı bilirəm ki, ədəbiyyat inciləri və ya böyük elmi əsərlər göstərişlə, yaxud tapşırıqla ortaya qoyulmur. Bunu sovet dövründə də bilirdim, indiki müstəqillik illərində də çox gözəl anlayıram. Bazar iqtisadiyyatı şəraitində dövlət elmin və ədəbiyyatın inkişafı üçün öz töhfəsini əsirgəmir. Lakin yaradıcılıq sahəsində lazımi mühit heç də göstərişlə formalaşdırıla bilməz.
Lakin bu gün az qala əli qələm tutan hər kəs utanıb çəkinmədən özünü və ya dostunu-yoldaşını asanlıqla ədəbi mühitin, prosesin üzvü kimi təqdim edə bilir. Bunun üçün bu adamın rəsmi formal atributları da var. O, Yazıçılar Birliyinin üzvüdür, hansısa ədəbi orqanın redaksiya heyətinə daxildir, müxtəlif rəyasət və idarə heyətlərinin, nə bilim, daha hansı qurumun üzvüdür və s. və i.a. Amma bu adamı bir yazıçı, dramaturq və ya şair kimi cəmiyyət tanıyıb qəbul edirmi?
Böyük ədəbiyyat heç zaman imtiyazlardan asılı olmayıb. Əsl ədəbiyyat böyük istedadın məhsuludur. Biz görürük ki, əlavə imtiyazlar istəyənlər həqiqi ədəbiyyatdan uzaq olanlardır. Bu gün bizə ədəbiyyatın öz təsir dairəsini gücləndirməsi və genişləndirməsi lazımdır. Heç kəs unutmamalıdır ki, yaradılan hər bir əsərin əsl qiymətini xalq verir.
Xalqı aldatmaq olmaz. Ona zövqsüz yazılmış nəyi isə yaxşı əsər adı altında təqdim edə bilməzsən. Ədəbiyyatın borcu təmiz və dürüst dəyərləri cəmiyyətdə bərqərar etməkdir. Cəmiyyət isə öz növbəsində bu dəyərləri milli ənənəyə və təcrübəyə uyğunlaşdırır. Bunların birindən danışıb o biri barədə susmaq olmaz. Bunlar mütləq surətdə bir-biri ilə əlaqəlidir. Deməyə sözü olan yazıçını müasir cəmiyyət səbirsizliklə gözləyir". ANSPRESS
DOSTLARINLA PAYLAŞ: