Ramiz Mehdiyev: “Azərbaycan KİV-in sayına görə MDB və Şərqi Avropada liderlərdən biridir”
23 İyul 2010 Cümə 01:40
Ramiz Mehdiyev: “Ölkədə 4200-dən artıq mətbuat orqanı Ədliyyə Nazirliyində uçota götürülüb, 50-dən artıq informasiya agentliyi müvafiq dövlət orqanında qeydiyyatdan keçib”
“Azərbaycan milli mətbuatı çox çətin, eyni zamanda, zəngin və şərəfli inkişaf yolu keçib”. Bunu Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Gülüstan” sarayında Azərbaycan milli mətbuatının 135 illiyinə həsr olunmuş yubiley mərasimindəki çıxışında deyib. Onun sözlərinə görə, 1875-ci ildə maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları öz ətrafında birləşdirib, elm, maarif, mədəniyyət, incəsənət və kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərc edib, xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparmış, dini mövhumata və cəhalətə qarşı kəskin çıxışlar edib: “Maarifçilik xüsusiyyətləri ilə seçilən bu qəzet milli mətbuatın müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlib. Sonrakı illərdə görkəmli ziyalılarımız tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “Həyat”, “İrşad”, “Füyuzat”, “Tazə həyat”, “Həqiqət”, “Tərəqqi”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar məhz “Əkinçi”nin ideya xəttini və ənənələrini davam etdirmiş, ötən əsrin əvvəllərində vüsət alan milli oyanış və özünüdərk proseslərinə mühüm töhfələr veriblər. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra milli mətbuat azadlıq ideyalarının inkişaf etdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi prosesinin fəal iştirakçısı olub. Həmin dövrdə söz və mətbuat azadlığını təsbit edən hüquqi sənədlər qəbul edilib, Üzeyir bəy və Ceyhun bəy Hacıbəylilərin rəhbərliyi ilə “Azərbaycan” qəzeti fəaliyyətə başlayıb. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu iki il ərzində ölkədə 129 qəzet və jurnal nəşr olunub”.

Ramiz Mehdiyev bildirib ki, dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycanda söz və məlumat azadlığının təmin olunması, demokratik, azad mətbuatın formalaşması, onun hüquqi-normativ bazasının qurulması, iqtisadi müstəqilliyinin təmin edilməsi üçün geniş imkanlar yaranıb: “1993-cü ildə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırılıb, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılıb. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edilib, bununla da mətbuata tətbiq edilən senzura aradan qaldırılıb, milli mətbuatın inkişafı yolunda yeni perspektivlər açılıb. Bu siyasətin ardıcıllığını təmin etmək məqsədilə 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olunub və dövlətin mətbuat üzərində nəzarət funksiyasından imtina edilib. 2003-cü ildə Azərbaycan Jurnalistlərinin Birinci Qurultayında mətbuatın özünütənzimləmə orqanı və dövlət qurumları ilə mətbuat arasında münasibətlərin nizamlanması funksiyalarını yerinə yetirən Mətbuat Şurası yaranıb”.

Prezident Administrasiyasının rəhbərinin sözlərinə görə. son illər mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalist əməyinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyası daha da genişlənib: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı Sərəncama əsasən redaksiyaların “Azərbaycan” nəşriyyatına olan 400 min manat məbləğində borcu dövlət büdcəsindən ödənildi. 2005-ci ildən bu günə kimi 300-ə yaxın KİV əməkdaşı dövlət mükafatlarına və fəxri adlara layiq görülüb, 2005-ci ildə 30 qəzet redaksiyasının hər birinə 2 min manat, 2008-ci ildə 38 mətbuat orqanının hər birinə 5 min manat, 2009-cu ildə isə 39 qəzet redaksiyasına, yenə də ayrılıqda 10 min manat məbləğində dövlət tərəfindən yardım ayrılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2008-ci il 31 iyul tarixli Sərəncam ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” söz və məlumat azadlığının, KİV-lərin müstəqilliyinin təmin edilməsi məqsədilə kompleks tədbirlər nəzərdə tutan mühüm sənəddir. Konsepsiyada əks olunmuş məsələlərin həlli üçün 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ardıcıl tədbirlər həyata keçirir. 2009-cu ildə bu məqsədlə dövlət büdcəsindən Fonda 1,3 milyon manat, 2010-cu ildə isə 2 milyon manat ayrılmışdır. Gələcəkdə də bu sahəyə lazımi diqqət yetiriləcək”.

Ramiz Mehdiyev bildirib ki, söz və məlumat azadlığının təmin olunması sahəsində məqsədyönlü şəkildə həyata keçirilmiş siyasətin nəticəsində bu gün Azərbaycan Respublikası kütləvi informasiya vasitələrinin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqelərdən birini tutur. Onun sözlərinə görə. ölkədə 4200-dən artıq mətbuat orqanı Ədliyyə Nazirliyində uçota götürülüb, 50-dən artıq informasiya agentliyi müvafiq dövlət orqanında qeydiyyatdan keçib. Respublikamızda 36 gündəlik, 100-ə yaxın həftəlik və 80-dən artıq aylıq qəzet nəşr olunur”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar