Ramil Usubov püşkatma ilə vəzifə verdi
20 Dekabr 2014 Şənbə 16:28
Xaricdə təhsil almış məzunlar orta rəis heyəti vəzifələrinə təyinat alıb.
Dekabrın 20-də Daxili İşlər Nazirliyində Türkiyənin Ankara Polis Akademiyasını və Rusiya Federasiyası DİN-in xüsusi ali təhsil müəssisələrini 2014-cü ildə bitirmiş məzunların orta rəis heyəti vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbiri açaraq təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb, son illər davamlı olaraq bu praktikadan istifadə olunduğunu bildirib.
O qeyd edib ki, ölkəmizin və xarici dövlətlərin ali hüquq təhsili müəssisələrinin məzunlarının orta rəis heyəti vəzifələrinə yerləşdirilməsi, ümumilikdə, gənc kadrların hazırlıq səviyyəsinin artırılması, onların peşəkarlığa, dövlətçiliyə, xidməti borca sədaqətə, işgüzarlığa görə vəzifədə irəli çəkilmələri, gənc əməkdaşlara lazımi diqqət və qayğı göstərilməsi DİN rəhbərliyinin daim nəzarətdə saxladığı məsələlərdəndir.
Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov Nazirliyə 18 nəfərin dəvət edildiyini bildirib, vakant vəzifələrin və namizədlərin siyahısını elan edib. Daha sonra püşkatma yolu ilə təyinat aparılıb. Polisin orta rəis heyəti vəzifələrinə iddiaçılar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkiblər.
Tədbirə yekun vuran daxili işlər naziri gənc zabitləri təbrik edərək onlara öz tövsiyyələrini verib. O qeyd edib ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilən cinayətkarlıqla qətiyyətli mübarizə, ölkəmizdə sabitliyin dönməzliyinin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi qorunması kursu daxili işlər orqanlarının da üzərinə böyük və məsul vəzifələr qoyur.
Nazir vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu, hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının gərgin səyləri hesabına respublikamızda əmin-amanlığın yaradıldığını, cəmiyyət həyatının bütün sahələrində müşahidə edilən hərtərəfli inkişafın əsasında ulu öndərimizin və möhtərəm Prezidentimizin qeyd etdikləri kimi, məhz sabitlik amilinin dayandığını, bu istiqamətdə əldə olunmuş uğurların dövlətimizin başçısı tərəfindən hər zaman yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.
Nazir məmnunluqla xatırladıb ki, istər ümummilli liderimiz, istərsə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin parlaq gələcəyinin yüksək intellektə, geniş dünyagörüşünə, dərin biliyə və işgüzarlığa malik, mükəmməl təhsil almış, dövlətçiliyə sadiq, vətənpərvər gənclərdən asılı olduğunu dəfələrlə vurğulayıblar. O deyib ki, belə yüksək mənəvi və iş keyfiyyətlərinə malik şəxslərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri, onların ölkəmizin ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olunmaları üçün lazımi addımlar atılır.
General-polkovnik Ramil Usubov məzunları bir daha təbrik edərək çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, polis adını uca tutmalarını, bilik və təcrübələrini artırmalarını, öz üzərilərində daim işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyyə edib.
Daxili işlər naziri əmin olduğunu bildirib ki, gənc zabitlər bu yöndə səylərini əsirgəməyəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcək, göstərilmiş etimadı layiqincə doğruldacaqlar.
DOSTLARINLA PAYLAŞ: