Ramil Usubov Gence şeherinde qebul keçirdi
26 Oktyabr 2013 Şənbə 17:41
Daxili işlər naziri Ramil Usubov qaldırılan meselelerin operativ şekilde hell edilmesi üçün konkret tapşırıqlar verib.
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 26-da Gəncə şəhərində növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şəhər Baş Polis İdarəsində Gəncə, Göygöl, Samux, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarından olan sakinləri, eyni zamanda, bölgədə məskunlaşmış Kəlbəcər və Xocalıdan olan bir qrup məcburi köçkünü qəbul edən nazir onların müraciətlərini dinləyib, qaldırılan məsələlərin operativ şəkildə həll edilməsi üçün konkret tapşırıqlar verib.

Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb. Polis fəaliyyətinə aid olmayan ərizələrin aidiyyəti üzrə digər dövlət orqanlarına göndəriləcəyi və onlara mövcud qanunvericiliyə uyğun şəkildə baxılacağı nəzərə çatdırılıb.

Sakinlər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, icra orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ münasibətə və həssas yanaşılmasına görə dövlətimizin başçısına minnətdarlıq edib, onun ölkəmizin tərəqqisinə, iqtisadi dirçəlişinə, beynəlxalq imicininin daha da yüksəldilməsinə yönəlmiş siyasətini daim dəstəkləyəcəklərini bildiriblər.

Daha sonra R.Usubov Gəncə BŞPİ Kəpəz Rayon Polis İdarəsinin yeni inzibati binasının açılış mərasimində iştirak edib.

Məlumat verilib ki, tikintisinə ötən ilin aprelində başlanmış 5 mərtəbəli inzibati binanın ümumi sahəsi 3300 kvadratmetrdir. Ən müasir standartlara uyğun tikilmiş binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib. Yeni tikilidə 52 xidməti otaq, 120 yerlik akt zalı var. Binada mərkəzləşdirilmiş ventilyasiya-istilik sistemləri, ayrıca qazanxana və transformator istifadəyə verilib, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib. İnzibati binada Qeydiyyat və şəxsiyyət vəsiqəsi, Dövlət yol polisi bölmələri, Növbətçi hissə və digər xidməti otaqlar yaradılıb.

General-polkovnik R.Usubov Növbətçi hissəyə, xidməti otaqlara, o cümlədən virtual təlim keçirilməsi üçün xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş tədris otağına, akt zalına baxıb, foyedə ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilk fəaliyyətini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən guşə və fotostendlərlə tanış olub.

Görülən işləri yüksək qiymətləndirən nazir şəxsi heyətin normal fəaliyyət göstərməsi üçün lazım olan bütün şəraitin yaradılmasından məmnunluğunu bildirib.

Daxili işlər naziri yeni inzibati binanın akt zalında şəxsi heyətlə görüşüb, əlamətdar hadisə münasibətilə onları təbrik edib, konkret tapşırıq və tövsiyələrini verib. O, xüsusilə vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ictimai qaydanın və ictimai təhlükəsizliyin təminində, cinayətkarlıqla qətiyyətli mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında daxili işlər orqanlarının rolunu hər zaman yüksək qiymətləndirir, onun lazımi texniki vasitələr və avadanlıqlarla təchizatına xüsusi diqqət yetirir. Bütün bunlar isə polis əməkdaşlarını daha yaxşı işləməyə ruhlandırır, eyni zamanda, vətəndaşların rahatlığına xidmət edir.

General-polkovnik R.Usubov möhtərəm Prezidentimizin rəhbərliyi altında ölkəmizdə gedən geniş quruculuq işlərinin Azərbaycanın ikinci böyük şəhərinin də simasını büsbütün dəyişdiyini, Gəncənin daha da gözəlləşdiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, son illər Gəncədə cinayətkarlıqla mübarizədə, ictimai asayişin təmin edilməsində bir sıra uğurlar əldə edilmişdir və bu, şəhər polisinin yerli hüquq-mühafizə orqanları ilə birgə fəaliyyətinin nəticəsidir.

Nazir əmin olduğunu bildirib ki, İdarənin şəxsi heyəti bu diqqət və qayğıya layiqli xidməti ilə cavab verəcək, rayonda sabitliyin, əmin-amanlığın nümunəvi qorunması və cinayətkarlıqla qətiyyətli mübarizə işində səylərini əsirgəməyəcək.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev də iştirak edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar