Ramazan ayinləri ilə bağlı müxtəlif vaxtlar insanlarda çaşqınlıq yaradır
25 Avqust 2011 Cümə Axşamı 21:41
Hacı Faiz Nağızadə: "Bu ayın 29-da ay görünsə, deməli Ramazan bayramı avqustun 30-da qeyd ediləcək"
Ramazana aid müəyyən ayinlərin, xüsusən də bayram gününün vaxtı hər il Azərbaycanda insanlar arasında fikir ayrılığı yaradır. Hətta aramızda elələri də olub ki, bir gün əvvəldən oruc tutmağa başlayıb. Azərbaycan İran və Türkiyə kimi müsəlman ölkələrinin qonşuluğunda yerləşdiyindən, həmin ölkələrdə vaxtların fərqli olması insanlar arasında çaşqınlıq yaradır.

“Təzə Pir” məscidinin axundu Hacı Faiz Nağəzadənin sözlərinə görə, ən çox sübh namazının vaxtının düzgün müəyyən edilməməsi ilə bağlı problem yaranır: “Sübh namazını tez qılmaq olmaz. Amma 5-10, 20 dəqiqə, hətta yarım saat gecikmək olar. Namazı tez qılanda, batil olur. Bunu biz deyib, biz eşidirik. Bu gecə namazı sayılır. Gün batandan sonra qırmızı şüalar insanın başının üzərindən qərbə tərəf tez keçərsə, iftardır”.

Deməli, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırladığı təqvimə əsasən, vaxtından əvvəl qılınan namaz batil hesab olunur. Paytaxt sakinləri arasında aparıdığımız sorğu zamanı məlum oldu ki, imsaq və iftar vaxtlarına hərə bir cür riayət edir.

Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırladığı Ramazan təqvimi daha düzgün hesab olunur. Belə ki, Ramazan bayramının vaxtı ayın görünüb-görünməməyindən asılı olacaq. Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayevin sözlərinə görə, astronomik cəhətdən ay avqustun 29-da təzələnəcək: “Amma işıqlanmış hissəsi 0,3 faiz olacaq. Bu da insan gözünə imkan verməyəcək ki, o görsənsin”.

E. Babayev deyir ki, ayın görünə bilməsi üçün növbəti günü gözləmək lazım olacaq: “Bu zaman ay 0,6 faiz olacaq. Ayı görmək bu zaman mümkün olacaq. Sutka ərzində ay səmada vəziyyətini dəyişir. Avqustun 31-də 7 faiz olacaq ki, bu zaman adi insan gözü də onu görə biləcək”.

“Təzə Pir” məscidinin axundu Hacı Faiz Nağızadə deyir ki, bu ayın 29-da ay görünsə, deməli Ramazan bayramı avqustun 30-ü bayram ediləcək: “Həmin gün oruc tutmaq batildir. Bayram günü oruc tutmaq olmaz. Birdən əgər ay görünməsə, bayramı avqustun 31-i qeyd edəcəyik”.

Ramazan birlik və bərabərlik ayıdır. Odur ki, Allahı bir olan bütün müsəlmanları orucluğun şərtlərinə eyni şəkildə əməl etməyə dəvət edirik.


DOSTLARINLA PAYLAŞ:

oyunlar