Radikal dini qrup üzvlərinin cəhdi boşa çıxdı
12 Avqust 2009 Çərşənbə 19:45
Rusiyadan Azərbaycana qeyri-qanuni yolla külli miqdarda dini ədəbiyyatın keçirilməsi cəhdinin qarşısı alınıb

 

DSX-nın mətbuat mərkəzindən verilən məlumata görə, bu il avqustun 5-də radikal dini qrup üzvləri tərəfindən Rusiya Federasiyasından Azərbaycanın Qusar rayonu Samur qəsəbəsi istiqamətindən qeyri-qanuni yolla külli miqdarda dini ədəbiyyatın keçirilməsi cəhdinin qarşısı alınıb. Nəticədə ərəb, rus və Şimali Qafqazda yaşayan xalqların dillərində olan radikal dini təriqəti və terrorçuluğu təbliğ edən ədəbiyyat saxlanılıb.

Avqustun 8-də isə Yardımlı rayonu Ostair kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində mütəşəkkil qaçaqmalçı qrup tərəfindən dövlət sərhədindən külli miqdarda tütün məmulatının respublika ərazisinə keçirilməsinin qarşısı alınıb. Qaçaqmalçılar əllərindəki yükü ataraq geriyə, İran ərazisinə qaça biliblər. Hadisə yerindən qaçaqmalçılara məxsus 10 ədəd kisədə 4990 qutu “Esse” markalı siqaret aşkar edilərək götürülüb.

Həmçinin Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən “Xaş-Xaş 2009” şərti adı altında həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində bu il avqustun 3-də Yardımlı rayonu, Arvana kəndi ərazisində 4 hektar sahədən 1 ton 117 kq yabanı şəkildə bitmiş xaş-xaş kolu yığılıb, rayon polis şöbəsi əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib. /APA/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar