Qusarda üzüm bağları salınır
05 Aprel 2011 Çərşənbə Axşamı 17:01
Rayon sahibkarına 1,1 milyon manat güzəştli kredit ayrılıb
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) üzümçülüyün inkişafı üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə başlayıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, güzəştli kreditlər hesabına maliyyələşdirilən belə layihələrdən biri də Qusar rayonunda həyata keçirilir.
Rayonun Yeni Tahircal kəndində fəaliyyət göstərən “Şimal Kəndli Fermer Təsərrüfatı” MMC-yə məxsus 50 ha sahədə yeni üzüm bağının salınması üçün SKMF-dan 1,1 milyon manat güzəştli kredit ayrılıb. Bu vəsait hesabına ilkin olaraq Fransadan gətirilmiş yüksək məhsuldarlıqlı “qara pino”, “kaberne sovinyon”, “saperavi”, “şimal saperavi”si və “izabella” növlü 100 minədək üzüm tinginin əkilməsinə başlanıb. Layihə çərçivəsində müasir suvarma sistemlərinin quraşdırılması da nəzərdə tutulur.
Üzüm bağları 3-cü ildən başlayaraq məhsuldarlığa düşəcək və ildə təxminən 3 min ton məhsul verəcək. Bu layihənin reallaşdırılması 35 yeni iş yerinin açılmasına imkan yaradacaq. SKMF üzümçülüyün inkişaf etdirilməsi istiqamətində investisiya layihələrinin maliyyələdirilməsini davam etdirəcək.
Bundan başqa, fondun əməkdaşları güzəştli kreditlər hesabına Qusar rayonunda “Aqroline” MMC tərəfindən inşa etdirilən tutumu 5 min ton olan soyuducu anbar kompleksinə, 4 hektar ərazidə salınmış tingçilik sahəsinə, eləcə də Quba rayonunun Dəlləkli kəndində tutumu 5 min ton olan soyuducu anbar kompleksinin tikintisinin davam etdirilməsi üçün “D-fruits” MMC tərəfindən Fonda edilmiş müraciət nəzərə alınaraq anbar kompleksinə baxış keçirilib.
DOSTLARINLA PAYLAŞ: