İyunun 15-də yağan leysan yağışlar Qusarda kənd yollarının bir çoxunu sıradan çıxarıb. Ənix kəndində kəndarası yolları dağıdan sel yaşayış məntəqəni iki yerə bölüb. Bir sıra kəndlərdə evlər uçub. Əhalinin bir hissəsi evlərini tərk etməli olub.
Yuxarı dağ kəndlərindən gələn sel Gündüzqala çayında daşqın yaradıb və bir neçə ay bundan əvvəl tikilmiş körpünü yuyub aparıb.
Qusar icra hakimiyyəti başçısının müavini Şahid Fərəməzov icra hakimiyyətinin daxili imkanları hesabına su aparmış kənd yollarının bərpasına başlanıldığını, tikilmiş körpünün yenidən bərpası, eləcə də digər kəndlərdə də ziyanın aradan qaldırılması istiqamətində işlər aparıldığını bildirib.
Qusar rayon fövqaladə hallar komissiyasının sədri Arif Məmmədov isə rayona dəyən ziyanın hesablandığını və fəsadların aradan qaldırılması üçün ərazidə ağır texnikanın cəlb olunduğunu deyib. /ANS TV/