Bu gün YAP 15 iyun Qurtuluş Gününə həsr olunmuş "Qurtuluşdan başlanan yol" mövzusunda konfrans keçirib. ANS PRESS-in məlumatına görə, tədbirdə millət vəkilləri, YAP üzvləri, hökumət nümayəndələri iştirak edib. Tədbiri YAP sədrinin müavini Əli Əhmədov açaraq Heydər Əliyevin həyat yolu, 1993 –cu ildə hakimiyyətə qayıdış tarixçəsi barədə məlumat verib.
Ə. Əhmədov qeyd edib ki, Heydər Əliyev 1993-cü ildə iyunun 9-da Naxçıvandan Bakıya gəlib, iyunun 15-ə Ali Sovetin sədri seçilib və oktyabrın 3-də xalqın təkidi ilə prezident seçilib. Məhz Heydər Əliyevin səyləri nəticəsində 1993 –cü ildə Gəncədə hərbi qiyamın qarşısı alınıb. Qanunsuz silahlı birləşmələr zərərsizləşdirilib.1994-cu ildə Heydər Əliyevin yürütdiyi siyasət nəticəsində atəşkəs əldə olunub. Onun iqtisadi siyasəti nəticəsində xarici investorların ölkəyə axını başlayıb.
Konfransda baş nazirin birinci müavini Yaquv Eyyubov, sənaye və energetika naziri Natiq Əliyev, Milli Məlisin Regional məsələlər komissiyasının sədri Arif Rəhimzadə və digərləri çıxış edərək Heydər Əliyevin ölkənin siyasi, iqtisadi, təhsil, səhiyyə və mədəniyyət sahəsində quruculuq işlərindən danışıblar.
Esmira Cavadova /ANS PRESS/