Qurban Nəzirov: Azərbaycan dəmir yolunda tariflər dəyişməyəcək
17 İyun 2011 Cümə 11:34
Azərbaycanın dəmir yolu sistemində sərnişin daşımaları ilə bağlı tariflərin dəyişməsi gözlənilmir.
Bu barədə «APA-Economics»ə açıqlamasında «Azərbaycan Dəmir Yolları» QSC-nin baş mühəndisi Qurban Nəzirov məlumat verib.
Onun sözlərinə görə, hazırda dəmir yolunda çevik tarif sistemi qurulub və artıq burada ciddi dəyişikliyə ehtiyac yoxdur.
Xatırladaq ki, Tarif (Qiymət) Şurası bu il fevralın 1-dən «Azərbaycan Dəmir Yolları» QSC-nin müraciəti əsasında ölkədaxili sərnişin daşıma xidmətlərinə tarifləri artırıb. Marşrutlar üzrə biletlərin qiymətləri vaqonun tipindən asılı olaraq müəyyənləşdirilib. Yeni tariflər istiqamətlərdən və məsafədən asılı olaraq adi qatarlarda 3-19 manat, sürət firma qatarlarında 14-25 manat arasında dəyişir. Tariflərə yataq dəstinin, komisyon yığımının və sığortanın dəyəri də daxildir. Sadə elektrik qatarlarında gediş haqqı 20 qəpiklə 2 manat arasında, sürətli elektrik qatarlarında isə 60 qəpiklə 6 manat arasında müəyyən olunub. APA
DOSTLARINLA PAYLAŞ: