Quduzluq səbəbilə Şəkinin bəzi kəndlərində karantina elan olunub
09 İyul 2011 Şənbə 07:12
Kənd sakinləri öz imkanlları ilə xəstəlikdə şübhəli bildikləri heyvanları ovlayır.
Şəkinin 5 kəndində quduzluq xəstəliyinin yayılması ilə bağlı karantin elan olunub. Ötən ay canavar dişləməsindən quduzluğa yoluxan 25 yaşlı Asiman Səlimovun ölümü isə kənd sakinlərinin narahatlığını daha da artırıb. Xəstəlik daha çox vəhşi heyvanlar tərəfindən dişlənən mal-qara və itlər arasında yayıldığından kənd əhli mal-qarasını və itlərini bağlı saxlamaq məcburiyyətindədir. Sakinlər isə aidiyyatı qurumların məsələyə ciddi yanaşmamasından gileylənir. Kənd sakinlərindən biri sovet dövründə belə məsələlərə daha ciddi yanaşıldığını, indi isə heç nə olmayıbmış kiimi rəftar edildiyini bildirib.
Şəki rayon baytarlıq idarəsindən isə bildirirlər ki, indiyə qədər 25 baş iribuynuzlu heyvanda və 2 atda quduzluq aşkar olunub. Qudurmuş heyvanlar öldürülərək basdırılıb. 156 it və 30 çaqqal da zərərsizləşdirilib. 36 baş iri, 12 baş xırda buynuzlu heyvana isə xəstəlik şübhəsi ilə peyvənd vurulub.
Təşvişə düşən kənd sakinləri quduzluğun yayılmasına səbəb olan canavarları öz imkanları ilə ovlamaqla mübarizə aparırlar. Hər gecə ova çıxan sakinlər 64 vəhşi heyvan və 15 küçə iti vurub.
Ötən gecə isə quduzluq xəstəliyi ilə mübarizə tədbirləri çərçivəsində səfərbər olmuş bu qrup daha 4 caqqal vurub. Sakinlər kənddən təhlükə sovuşanadək ovun davam edəcəyini bildirir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: