Qüdrət Həsənquliyev: Rüstəm İbrahimbəyovu 4 il əvvəli xatırlamağa çağırıram
03 Avqust 2012 Cümə 22:57
Qüdrət Həsənquliyev: Rüstəm İbrahimbəyovun mənim söylədiklərimə reaksiyası qeyri-səmimidir.
Qeyd edək ki, Q. Həsənquliyev bir gün öncə agentliyə müsahibəsində R. İbrahimbəyovun biznes davası aparmadığını, onun Rusiyadakı dostlarının təhriki ilə danışdığını bildirib. R. İbrahimbəyov isə bu fikrin həqiqətə uyğun olmadığını, Rusiyada yüksək vəzifəli dostları olmadığını deyib və əlavə edib ki, o, Azərbaycanın daxili problemlərinin xarici mətbuatda müzakirə olunmasının əleyhinədir.

Q. Həsənquliyev isə R. İbrahimbəyovu cəmi 4 il əvvəl başlayan polemikanın kökünü xatırlamağa çağırıb: “Rüstəm İbrahimbəyovun bu gün davam edən tənqidinin əsası 2008-ci ildə Rusiyanın “Pravda” qəzetində dərc olunmuş müsahibəsi ilə qoyulub. O zaman Azərbaycanda bir qrup ziyalı Rüstəm İbrahimbəyovun xalqımızın mədəni səviyyəsi, xüsusilə qaçqın və məcburi köçkünlərlə bağlı söylədiyi fikirlərə, şəhər mədəniyyətinin azərbaycanlılardan uzaq olması ilə bağlı dediklərinə etiraz etmişdilər. Bu müzakirə bir neçə ay davam etdi. İndi Rüstəm İbrahimbəyov Rusiya mətbuatını xarici mətbuat hesab etmirsə, deməli, elə mənim onunla bağlı dediyim fikirləri dolayısı ilə təsdiqləyir”.

Q. Həsənquliyev qeyd edib ki, Rusiyada müəyyən dairələrin Rüstəm İbrahimbəyova dəstək olması hələ Azərbaycana qarşı kampaniya aparmaq demək deyil: “Bu, sadəcə bir təzyiq vasitəsidir. Onun çıxışına yer verən, təkzibini dərc edən qəzetin özü elə Rusiyada yüksək dairələrə yaxın olan Eduard Bağırovun Rüstəm İbrahimbəyova görə Ümumrusiya Azərbaycan Konqresindən və Azərbaycan Yazıçılar Birliyindən istefa verdiyini yazmışdı. Əgər bu xəbər doğrudursa, o zaman həmin qəzet necə indi Rüstəm İbrahimbəyovu Rusiyadakıların danışdırması fikrini şübhəyə almağa cəhd göstərir? Bunu eləmək riyakarlıqdır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar