Qubanın üç kəndi ilə əlaqə kəsilib
25 Aprel 2010 Bazar 14:45
Güləzi kəndində sürüşmə təhlükəsi davam edir.
Quba rayonunun Güləzi kəndində sürüşmə təhlükəsi davam edir. Güləzi icra nümayəndəsi Səlimxan Əhmədovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, torpaq sürüşməsi nəticəsində Güləzi-Kunxıt yolu bağlanıb. Nəticədə 3 kəndlə Güləzi, Xanəgah və Daloqo kəndləri ilə nəqliyyat əlaqəsi kəsilib.
Güləzi kəndində təxminən 90 ev təhükə zolağında yerləşir, 24 ev isə xüsusilə təhlükə altındadır. Artıq evləri tamamilə yararsız vəziyyətə düşən Haşımovlar və Məmmədovlar ailəsi evlərini tərk ediblər. Haşımovlar ailəsi qonşularının evində yerləşsələr də, Məmmədovlar ailəsi çadırda məskunlaşmağa məcbur olub.
Baş vermiş hadisə ilə bağlı rayon Fövqəladə Halalr Komissiyası əraziyə lazımi texnika göndərsə də, kənddə sürüşmə təhlükəsi qalmaqdadır.
Bundan başqa, keçən ilin mart ayından 15-dən Qusarın Urva kəndində baş verən torpaq sürüşməsi, son iki gündə yağan yağışlar nəticəsində yenidən fəallaşıb. Qusar rayon icra başçısının birinci müavini Alif Məmədovun ANS PRESS-ə verdiyi məlumata görə, artıq dünən təhlükəli şəraitdə olan evlərdəki ailələr köçürülüb, bundan başqa 12 ev də təhlükəli zonada yerləşir.
Hazırda kənddə sürüşmə dayansa da, təhlükəli vəziyyət qalmaqdadır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: