Qubanın ağ alması qara günə qalıb
16 İyul 2010 Cümə 15:15
Qubanın ağ alması qara günə qalıb. Meyvə ağaclarının aqibəti necə olacaq?
Qubanın ağ alması qara günə qalıb. Rayonun Barlı kəndinin suvarmaya su tapmaması onun barını da qurudub. Kəndin bağbanları deyir ki, bu kəndin sakinləri ta qədimdən əkinçiliklə məşğul olub. Zəhtəmsevərlik, eləcə də torpağın münbitliyi kəndin bol məhsullu olmasına səbəb olub. Amma indi susuzluq deyəsən Barlı kəndinin adını dəyişərək barsız edəcək. Hələ bu harasıdır? Bu cür quraqlıq, yaşıllığın yanması Qubanın Amsarqışlaq kəndində də hökm sürür. Sakinlər isə etiraz səslərini qaldıraraq məsələyə vaxtında əncam çəkilməsini tələb edirlər. Deyirlər, əks halda bu kəndlərdə bir dənə də olsun yaşıl ağac qalmayacaq.
“Çörəyimiz bağdan çıxır. Torpaqdan çıxır. Vaxtilə bura ən məşhur, barlı yer idi. İndi müflis olmuşuq. Biz Qudyalçaydan su alırıq. İndi vermirlər. Qudyalçayın suyu axıb gedir, amma bizə su verən yoxdur”, deyə bağban Ənvər Heydərli bildirdi.
Vegitasiya ərzində ağaclara 5-6 dəfə su verilməli olduğunu bildirən bağban Xalid İsmayilov su olduğu halda onlara gündə yalnız bir dəfə verildiyini vurğuladı. Şikayətçilərin sözlərinə görə, bir yandan suyun olmaması, digər yandan isə meyvə ağaclarına verilən dərmanların keyfiyyətsiz olması bağda almaları əcaib hala salıb. Problemlər sanki meyvənin üzərində həkk olunub.
Sakinlər Qudyalçayda problemin mənbəyini göstərib dedilər ki, burada şlüzü, yəni su paylayıcı hissəni sel aparıb, indi də düzəldən yoxdur. Onlar rayon suvarma idarəsinin sahə rəisini əvəz edən Nizami Paşayevi günahlandırdılar.
Rayon suvarma idarəsinin sahə rəisinin əvəzi Nizami Paşayev isə suyun həqiqətən də olduğunu bildirdi. “Su var. Aşağı ona görə getmir ki, suya qənaət etmirlər. Su verilən kimi hamı suyu lazım oldu-olmadı açır”, deyə Nizami Paşayev vurğuladı.
Sakinlər məlumat verdilər ki, suvarma idarəsinin işçiləri ANS-in çəkiliş qrupunu görən kimi Qudyalçayın Quba şəhəri ərazisindəki paylayıcı məntəqəsində dağılmış şlüzü bərpa etməyə başlayıblar. ANS-in əməkdaşları da müşahidə edib. Maşınla daş və saman gətirib işə başlamışdılar.
Məsələ ilə əlaqədar Quba rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Mübariz Xəlilov problemdən xəbərdar olduğunu bildirdi. Dedi ki, bu problem havaların həddən artıq isti olması ilə əlaqəlidir. Çayda su azalıb.
“Bu günə qədər problem yaşanmayıb. Havaların isti keçməsilə əlaqədar çaylarda su quruyub. Ancaq onu qeyd etmək istəyirəm ki, məsələ İcra hakimiyyətinin nəzarətindədir və araşdırılır”, -deyə Mübariz Xəlilov vurğuladı.
İcra Hakimiyyətinin rəsmisi kimyəvi dərmanların keyfiyyətsiz olmasından da xəbərdar olduğunu da qeyd etdi. Bağbanlar bu dərmanları pərakəndə satışdan, əldən alırlar ki, bu da çox vaxt keyfiyyətsiz olur. Bunula əlaqədar icra hakimiyyəti Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib. Nazirliyin xətti ilə kəndlərə dərmanların paylanmasının həyata keçirilməsini təşkil etməyə çalışdıqlarını və problemin həlli ilə bağlı işlər görüldüyünü bildirən Mübariz Xəlilov tez bir zamanda bu problemlərin aradan qaldırılacağına söz verdi.
Təbii ki, bağbanlar bu vədlərin icra olunacağı günü gözləyəcəklər. Amma meyvə ağaclarının aqibətini zaman göstərəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: