Bu gün şimal bölgəsindən keçən çaylarda suyun səviyyəsinin artması davam edib. Nəticədə günün ikinci yarısı Quba-Xınalıq yolunda problem yaranıb. Belə ki, Qudyalçayın daşması nəticəsində Quba-Xınalıq yolunu su basıb.
Yolun 36-37-ci kilometrliyində sel suları 1 metr hündürlüyündə asfalta çıxıb. Nəqliyyat Nazirliyinin Qubadakı 6 saylı yol istismar idarəsinin rəisi Aydəmir Manafovun ANS PRESS-in Quba bürosuna verdiyi məlumata görə, güclü sel nəticəsində körpü uçmaq təhlukəsi ilə üz-üzə qalıb. Quba rayon Fövqəladə Hallar Komissiyasından isə hadisə ilə əlaqədar hər hansı məlumat verilməyib.
Çaylarda suyun səviyyəsinin artması Xaçmazın bəzi kəndlərində də problem yaradıb. Belə ki, Niyazabad kəndindəki bir evin həyətini su basıb. Bu səbəbdən də həmin evdə yaşayanlar evakuasiya olunub.
Qusarçayın daşması nəticəsində isə Xaçmazın Qıraqlı kəndində iki həyəti su basıb. Xaçmaz rayon icra hakimiyyəti başçısının birinci müavini, rayonun Fövqəladə hallar komissiyyasının sədri Akif Mərdanovun verdiyi məlumata görə, həmin evlərdə yaşayanlar evakuasiya olunub. Yarana biləcək fəsadların qarşısının alınması məqsədilə rayon Fövqəladə Hallar Komissiyası bir sıra profilaktik tədbirlər görür. /ANS PRESS/