Quba-Xınalıq yolu yenə sürüşdü
15 Mart 2010 Bazar Ertəsi 13:15
Quba-Xınalıq yolu yenə sürüşdü. Hazırda sürüşmə prosesi davam edir.
Quba-Xınalıq yolunun 48-ci klometrliyində torpaq sürüşməsi baş verib. ANS TV-nin məlumatına görə, yüksək dağ massivindən başlayan sürüşmə yolu tamamilə dağıdaraq, aşağı dərəyə yönəldib.
Yol bu hissədən tamamilə bağlanıb. Xınalıq, Bostanken və Qəley Xudat kəndləri, o cümlədən Xınalıq sərhəd zastavasının rayon mərkəzinin nəqliyyat vasitələri ilə əlaqəsi tamamilə kəsilib.
Xınalıq sakinləri sürüşmə yerindən Xınalığa qədər olan 9 klometr yolu piyada getmək məcburiyyətində qalıb. Ərazidə təmizləmə işləri aparılana qədər alternativ yolun çəkilməsinə ehtiyac yaranıb.
Nəqliyyat Nazirliyinin 6 saylı Yol İstismar İdarəsinin əməkdaşı Bilal Sultanov məlumat verib ki, sürüşmə zolağının uzunluğu 100, dərinliyi 50 metrdir. Sürüşmə prosesi davam etdiyindən hazırda ərazidə alternativ yol çəkmək mümkünsüz olub. 6 saylı Yol İstismar İdarəsinin bütün texnikası ərazidə hazır vəziyyətə gətirilərək sürüşmənin səngiməsini gözləyir.
Quba rayon icra hakiminin müavini Fuad Orucov bununla bağlı müvafiq qurumlara məlumat verib.
Rayon Fövqaladə Hallar Nazirliyi isə məsələyə yerində baxış keçirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: