Quba məzarlığında genişmiqyaslı tikinti işlərinə başlanacaq
28 Mart 2011 Bazar Ertəsi 13:00
Gələn həftədən Qubada ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı qurbanlarının kütləvi məzarlığında genişmiqyaslı tikinti işlərinə başlanacaq.


Bu barədə APA-ya Quba rayon İcra Hakimiyyəti başçısının I müavini Sahib Məmmədov bildirib. S. Məmmədov deyib ki, hazırda Quba Soyqırımı Memorial Xatirə Kompleksində tikintiyə başlamaqla əlaqədar sənədləşmə prosesi tamamlanmaq üzrədir və kompleksin texniki pasportu hazırlanır.

S. Məmmədovun sözlərinə görə, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Nurlu sabah” Gənclər Təşkilatının təşkilatçılığı ilə region gənclərinin məzarlığa yürüşü keçiriləcək. Quba məzarlığını bir sıra qonaqların və Azərbaycan Milli Məclisinin üzvlərinin də ziyarət edəcəyi gözlənilir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Quba soyqırımı ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev isə APA-ya bildirib ki, havalar istiləşdiyindən Quba məzarlığında tikintiyə başlamaq üçün əlverişli şərait yaranıb: “Heydər Əliyev Fondu tərəfindən kompleksin ərazisində işlər xeyli vaxtdır aparılır. İndi isə təklif etmişik ki, tikinti işləri birbaşa məzarlıqda başlasın. Ən başlıca məsələ isə məzarlıqdakı quyunu qorumaq və sümüklərin dərmanlanmasıdır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar