Qrunt suları çəklildikcə sürünənlər və həşəratların sayı artır
01 İyun 2010 Çərşənbə Axşamı 20:20
Zərdab rayonunda dərmanlama və dezinfeksiya işləri aparılır.
Havaların yağmursuz keçməsinə baxmayaraq Zərdab rayonunda hələ də Kürün səviyyəsi normadan artıqdır. Rayonun Kür sahilində yerləşən 25-ə yaxın kəndində Kür çayı boyunca qurulan bəndlərdən sızmalar müşahidə edilir.

ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonda Fövqəladə Hallar Nazirliyinin 50-yə yaxın şəxsi heyəti mütəmadi bəndbərkitmə işləri ilə məşğul olsa da ötən gün bəndlərdə sızma müşahidə olunub. Dərhal Fövqəladə Hallar Nazirliyinin 80 nəfər şəxsi heyəti əraziyə göndərilib və müvafiq bərkitmə işlərinin aparılması gücləndirilib. Həmin ərazilərdə quraşdırlan 13 su nasosu vasitəsi ilə bəndlərdən sızan qrunt suları yenidən Kürə axıdılır.

Kür ətrafı kəndlərdəki evlərin təqribən 50 faizində hələ də qrunt sularının səviyyəsi yuxarıdır. Yerləşdiyi yerdən asılı olaraq kəndlərdə 20-40 santimetr hündürlüyündə qrunt suları müşahidə edilir. Rayon Föqəladə Hallar Komissiyasının sədri Allahverdi Səfərovun sözlərinə görə, Kürün Zərdab rayonundan keçən hissəsində çayın hündürlüyü 10 metrdir, saniyədə isə rayon ərazisindən 1250 kubmetr su axır.

Zərdab rayonunda aparılan dezinfeksiya və dərmanlama işləri də sürətlənib. ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, qrunt sularının çəkildiyi ərazilərdə sürünənlərin və həşəratların sayı sürətlə artdığından həmin ərazilərdə hazırda dərmanlama işləri aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar