Qobustan həbsxanasının rəisi Kazım Abdullayev işdən çıxarılıb
17 İyun 2011 Cümə 19:46
Qobustan həbsxanasının rəisi Kazım Abdullayev ədliyyə orqanlarından xaric olunub.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan həbsxanasının rəisi Kazım Abdullayev ədliyyə orqanlarından xaric olunub. Bu barədə APA-ya Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov məlumat verib. Bununla bağlı ədliyyə naziri əmr imzalayıb.
Qeyd edək ki, K. Abdullayev bir neçə ay əvvəl Qobustan həbsxanasında baş verən neqativ hallarla bağlı başlanan istintaq prosesi ilə əlaqədar tutduğu vəzifədən araşdırma aparılan müddət ərzində kənarlaşdırılmışdı. İstintaq müddətində müəssisəsinin rəisi vəzifəsinin icrası 7 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Şahin Osmanova həvalə edilib. Hazırda da bu vəzifəni Ş. Osmanov icra edir.
Xatırladaq ki, Ədliyyə Nazirliyi tərəfindən Qobustan həbsxanasında xidməti təhqiqat aparılıb və nəticələrinə hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib. Həbsxananın təsərrüfat şöbəsinin rəis müavini və yeməkxananın rəhbərinə qarşı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 179.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə cinayət işi başlanıb.
Penitensiar Xidmətin rəisi Mədət Quliyev də bir qədər əvvəl jurnalistlərə açıqlamasında Qobustan həbsxanasının iki əməkdaşının saxlanıldığını, müəssisənin rəisi barədə olan təhqiqat isə yekunlaşaraq istintaqa göndərildiyini açıqlamışdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: