Qız Qalasında bərpa işlərinə başlanılıb
26 Aprel 2011 Çərşənbə Axşamı 14:59
Abidə tarixi görkəminə qaytarılacaq
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan”a uyğun olaraq ərazidəki tarix-memarlıq abidələrinin qorunmasına göstərilən xüsusi qayğı çərçivəsində Qız Qalası abidəsinin bərpa və muzey konservasiyası işlərinə başlanılıb. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, nəzərdə tutulmuş işlər Avstriyanın məşhur bərpaçı mütəxəssisi, dünyanın müxtəlif yerlərində 400-dən artıq abidəni, o cümlədən İçəri Şəhərdə yerləşən Məhəmməd Məscidini bərpa etmiş Erix Pummerin rəhbərliyi ilə xarici və yerli mütəxəssislər tərəfindən həyata keçiriləcək.

Bərpa zamanı Almaniyanın “Remmers” şirkətinin bərpa üçün nəzərdə tutulmuş xüsusi materiallarından istifadə olunacaq. “Atelier Erich Pummer” şirkəti tərəfindən 2009-cu ilin noyabr ayında abidənin unikallığı və təkrarolunmazlığı nəzərə alınaraq, tam miqyaslı işlərə başlanmazdan əvvəl Qız Qalasının cənub-qərb tərəfindəki sınaq sahəsində bərpa işləri aparılıb.

YUNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil olan Qız Qalasına uzun müddət lazımi diqqət göstərilmədiyindən və ətraf mühitin təsirlərindən yaranan mənfi hallar beynəlxalq təcrübənin və texnologiyanın tətbiqi vasitəsilə aradan qaldırılacaq və abidə tarixi görkəminə qaytarılacaq.

Qeyd edək ki, Avstriyanın “Atelier Erich Pummer” şirkəti ötən il İçəri Şəhər ərazisində yerləşən digər dünya əhəmiyyətli abidə Məhəmməd Məscidində muzey-konservasiya işlərini uğurla başa çatdırılıb. Sözügedən konservasiya işləri zamanı Azərbaycanda ilk dəfə olaraq vakuum yolu ilə bərkidilmə üsulundan istifadə edilib ki, bunun nəticəsində havasızlıq şəraitində daşlar daxildən bərkidilib, beləliklə abidənin tarixiliyinə və mövcud quruluşuna zərər yetirilməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar